Gözəl Mövzular


Allah nemətlərini artırdıqda da insan qəflətə düşməkdən çəkinməlidir


Allah nemətlərini artırdıqda da insan qəflətə düşməkdən çəkinməlidir
İnsan sıxıntılarla üzləşdikdə, həyatı ilə bağlı qurduğu planları baş tutmadıqda daha dərin və səmimi bir ixlasla üzünü Allah`a tutur.
Adətən, insanlar müəyyən problemlərlə üzləşdikdə və ya həyatlarında əskikliklər hiss etdikdə bütün səmimiyyətləri ilə Allah`a yönəlirlər. Ancaq belə anlarda nə qədər aciz və gücsüz olduqlarını, Allah`a nə qədər möhtac olduqlarını daha dərindən qavrayır və açıq şüurla Ona üz tuturlar. Dualarında qərəzsiz sevgi və dərinlik sezilir, dürüst, səmimi qəlbdən Allah`a yalvarır, kömək edənin yalnız Allah olduğunu xatırlayaraq özlərini tamamilə Ona təslim edirlər. Belə anlarda insan öz səmimiyyətinə, Allah`a olan sevgisinə, təslimiyyətinə, yaxınlığına, inamına şahid olur. Bu təslimiyyət və səmimiyyət onlara heç dadmadıqları bir rahatlıq bəxş edir, belə əhval-ruhiyyədən çox xoşhallanır və həyatı boyu bu əhval-ruhiyyə ilə yaşamağı arzulayırlar. Qeyri-səmimi, səthi həyat tərzlərinə qayıtmamaq üçün özlərini tərbiyələndirməyə çalışırlar.
Ancaq Allah insanın dualarına cavab verdikdə, onu sıxıntılarından xilas edib rahatlığa qovuşdurduqda, ona nemətlərini artırdıqda əksər insan yaşadığı bu mənəvi dərinlikdən dərhal uzaqlaşır. Bir də ancaq nemətlərini itirdikdə bu qəflətdən oyanır.
Halbuki, bu səmimi, dürüst hissləri, təslimiyyəti, mənəvi yüksəlişi bütün həyatı boyu duymaq üçün insanın sıxıntı, problem və yoxsulluğa mübtəla olması şərt deyil. Dərin Allah sevgisi ilə insan həyatının hər anında acizliyini, fəqirliyini, möhtaclığını dərindən hiss edə və bundan qaynaqlanan rahatlıq və xoşbəxtliklə yaşaya bilər. Bu, tamamilə insanın açıq şüurla düşünməsindən, səmimi niyyətindən asılıdır. Allah insana ağlını dilədiyi qədər dərinləşdirmə imkanı vermişdir. Onun uca sifətləri, sonsuz gözəl əxlaqı və yaradılış sənəti barədə düşünmək; dostluğunu, sevgisini, şəfqətini, mərhəmətini hər an görmək, hiss etmək insanın dərin hörmət, sevgi və gözəl əxlaqla Allah`a yönəlməsinə vəsilə olur.
Bu yüksək mənəviyyata qovuşan insan çətinlik və sıxıntılar içində Allah`a möhtaclığını və Onun qarşısında acizliyini nə qədər dərindən hiss edirsə, bolluq, bərəkət, dilədiyi bütün nemətlər içində də Allah`a sonsuz möhtac olduğunu, bütün nemətlərin Allah`ın lütfü olduğunu bir an belə unutmur. Hətta Allah`ın bəxş etdiyi hər bir nemət onun Allah`a olan təslimiyyətini, sədaqətini, Rəbbimizə duyduğu dərin sevgi və hörməti daha da artırır. Bu nemətlərə layiq olmamaqdan, bəxş edilən rahatlıq və rifahdan qəflətə düşməkdən, acizliyini unudub təkəbbürlənməkdən, sahib olduqlarına ülfətlə yanaşmaqdan ciddi cəhdlə çəkinir. Hər an Allah`ın rəhmətini, şəfqətini, sevgisini, sonsuz bağışlayan olmasını, lütfünü, yaxınlığını gördüyü üçün Ona durmadan şükür edir. Həyatındakı hər gözəllik anbaan Allah`a daha da yaxınlaşmağına vəsilə olur. Bu gözəlliklərdən istifadə etdikcə qəlbində Allah`a duyduğu sonsuz sevgidən yaranan xoşbəxtlik, həyəcan bütün həyatına hakim kəsilir. Allah dilədiyi üçün bu gözəlliklərlə əhatələndiyini bilir və xoşbəxtliyi, rahatlığı, nemətləri Allah`ın onu seçib lütf etdiyini bir an belə unutmur. Dilədiyi an da bütün həyatını dəyişdirəcəyini, bütün nemətləri əlindən alacağını, əskikliklərə, sıxıntılara çevirəcəyini də qavrayır.
Buna görə də, yoxsulluq və sıxıntı anlarında Allah`la səmimi şəkildə nə qədər yaxındırsa, bolluq, bərəkət, nemət və gözəllik içində də bir o qədər səmimi və acizliyinin fərqindədir. Çətinliklər zamanı Allah`a nə qədər qəlbən, böyük sevgi, həvəs və sədaqətlə dua edirsə, həyatı dilədiyi bütün nemət və gözəlliklərlə əhatələnəndə də Allah`a eyni təslimiyyət, acizlik, möhtaclıq və səmimiyyətlə yalvarır.
Məhz bu əhval-ruhiyyə möminin dərin imanından xəbər verir. Allah dünya həyatında möminə ağlının qavraya biləcəyi, arzulayacağı, təxəyyül edə biləcəyi ən gözəl həyatı yaşatsa da, nemətlərinin ən çoxunu, ən gözəlini versə də, xoşbəxtliyi, sevinci, sevgini, rahatlığı fasiləsiz bəxş etsə də bu insan sahib olduqlarına görə ruhunu korlamaz. Allah`a yaxınlığında, sevgisində, sədaqətində, sonsuz acizliyini və möhtaclığını qavramasında heç bir mənfi dəyişiklik olmaz, əksinə daha da artar. Yenə hər anını ancaq Allah`ın rizasının ən çoxunu qazanmaq eşqi ilə, Allah`ın ən sevdiyi qulu olmaq sevdası ilə, Onun lütfünə, rəhmətinə, nemətinə, sevgisinə layiq olmaq həvəsi ilə yaşayar. Hər an Allah`ın lütfünü layiqincə dəyərləndirə bilməməkdən, Onun rəhmətinə layiq olmamaqdan, Allah`ın bəyəndiyi əxlaqı ən mükəmməl şəkildə yaşamamaqdan şiddətlə qorxub çəkinər. Hər bir şəraitdə, Allah`ın izni ilə, imanını daha da dərinləşdirər.