Bu gün həyatınızın son gününü yaşadığınızı və ya son bir neçə həftə və ya ayı yaşadığınızı düşünün... Sürətli şəkildə ağılınızdan keçirin, “Görəsən necə insan olardınız?”... Düşüncələriniz, davranışlarınız, üslubunuz, danışığınız, qərarlarınız necə olardı?... Bu an ağlınızı məşğul edən hansı mövzular bir anda bütün əhəmiyyətini itirərdi? Hansı mövzuları -heç düşünmədən- bir anda ağlınızdan uzaqlaşdırardınız?... Əsl əhəmiyyətli olduğunu anladığınız hansı mövzular ağlınızı tamamilə məşğul edərdi?...
Allaha inanmayan, ya da (Allahı tənzih edərik) ürəkləri şübhəylə dolu olan insanların böyük hissəsi, ölümün yaxınlığını hiss etdikləri zaman düşüncələrində böyük bir dəyişiklik meydana gəlməz. Yenə bütün həyatları boyu olduğu kimi yalnız dünya həyatındakı nizamlarını və bu dünyada geridə qoyacaqlarını düşünürlər. Ən böyük narahatlıqları, ölümə doğru irəliləyərkən çəkəcəkləri fiziki əzab və dünya həyatından ayrılmağın verdiyi mənəvi əzabdır.
İman edənlərdə isə tam fərqli bir dünyagörüşü var. Mömin üçün yaxın bir zamanda öləcəyi xəbərini eşitmək həyatını kökdən dəyişdirər. Müsəlman iman etdiyi andan etibarən daim ölümə və axirətə hazırlıq görür. Ölümün və axirətin yaxınlığını həyatının hər anında və bütün həqiqətiylə hiss edərək yaşayır. Buna görə də bu mənada böyük bir dəyişiklik yaşamır. Amma Allahdan çox qorxduğu və vicdanı çox açıq olduğu üçün belə xəbər aldığı zaman bütün həyatını, əxlaqını, vicdanını, davranışlarını, düşüncələrini bir dəfə də və çox köklü şəkildə nəzərdən keçirər. Özündən keçər və hər mövzuda özünü ola biləcək ən yaxşı vəziyyətə gətirməyə çalışar. Əlindəki bütün imkanlarla geriyə qalan son zamanının bir saniyəsini də boş keçirmədən xeyir işləməyə çalışar. Bütün bunları edərkən yaşadığı çox əhəmiyyətli bir həqiqət daha var: Heç kimin ona doğrunu, səhvi göstərməsinə ehtiyac yoxdur. Ən gözəl sözləri, ən gözəl davranışları, ən doğru, ən yaxşı, ən mükəmməl olan hər şeyi özü bilir. Həm də heç çətinlik çəkmədən və uzun-uzun düşünməyə ehtiyac duymadan.
Beləliklə, Allahdan qorxan, Allaha və axirətə heç şübhə etmədən inanan insanın normal həyatında yaşaması lazım olan əxlaq da budur. Özünə ölümcül bir xəstəlik xəbəri gəlməmiş, həyatının yalnız saylı çox az bir müddəti qaldığına dair bir vəziyyət meydana gəlməmiş, ölümün və axirətin yaxınlığını eyni bu şəkildə hiss edə biləcək bir imani dərinlik içərisində olmalıdır.Acizliyini sanki bir neçə saat sonra öləcəkmiş kimi bilməli, Allaha olan möhtaclığını çox dərindən yaşamanın təvazökarlığı və məzlumluğu içərisində olmalıdır. Ağzından çıxan hər söz “sözün ən gözəli” olmalı, hər cümləsində Quran əxlaqının təcəlliləri meydana gəlməlidir. Ölümə o qədər yaxın olduğu bir anda necə ki, “boş olması”, “düşünə bilməməsi”, “unutması”, ya da “səhv etməsi” ola biləcək ən aşağı səviyyəyə ensə, “diqqətsizlik etməsi”, “laqeyid olması”, “təxirə salması”, “geridə qalması”, “məsuliyyəti başqalarının üzərinə atması”, “heç nə ilə maraqlanmaması”, “boş şeylərə meyl etməsi” haradasa mümkün olmaz. Beləliklə, həqiqətən iman edən insan həyatının hər günündə eyni bu şəkildə olmalıdır.
Bundan başqa ölümün yaxınlığını hiss edən, öləcəyini bilən insanın özünəməxsus danışıq üslubu var. Bu insanın fərqi yüzlərlə adam arasında belə dərhal seçilir. Sözləri birbaşa insanların ürəyinə xitab edən, olduqca səmimi, olduqca təbiidir. Müraciəti insanlara deyil, özünədir. Özünü nümayiş etdirməyi, insanların rəğbətini qazanmağı hədəfləmir. Tamamilə Allaha yönəlmişdir və istədiyi də yalnız Allahın razılığını, sevgisini qazana bilməkdir. Sözlərində qürurdan, eqoizmdən, böyüklük hissindən əsər-əlamət yoxdur. İnsanın acizliyinin fərqinə vara biləcəyi ən yüksək dərəcədə acizliyini hiss etdiyi dərhal aydın olur. Boş sözlərlə əylənə biləcək bir vaxtı olmadığının şüurundadır. Hər sözündə Allaha daha çox yaxınlaşmağı məqsəd etmişdir. Yanındakı insanların da Allahın böyüklüyünü daha çox hiss edə bilmələrinə vəsilə olmaq, onlara da ölümün və axirətin nə qədər həqiqət və yaxın olduğunu xatırlatmaq üçün bütün gücü ilə çalışır. Dünya həyatının müvəqqəti mövzularını, sıravi əsaslarını tamamilə unutmuşdur; Baqi olanın yalnız Uca Rəbbimiz olduğunu qəti olaraq qavramanın verdiyi coşğuyla bütün diqqətini Allaha, Allahın razılığına, Allahın istədiyi əxlaqı yaşamağa, sonsuz həyatını Allahın dost qəbul etdiyi insanlardan olaraq keçirə bilmək üçün əlindən gələni etməyə çalışır.
Bu insan bəlkə də aylarla, illərlə düşündüyü dünyəvi mövzuları, bir anda və üzərində heç düşünməyə belə ehtiyac duymadan dərhal həll edib keçər. Çünki bunların özünü gözləyən əsl həyatını qazana bilməsinin yanında, artıq az qala heç bir əhəmiyyəti qalmamışdır. Bir çox insanın həyatında böyük əhəmiyyət daşıyan, gün boyu zehinlərini məşğul edən bir çox mövzu bu vəziyyətdəki adam üçün əhəmiyyətini tamamilə itirmiş, haradasa yox dərəcəsindədir. Saçının hansı model olması, avtomobilinin modeli, evə alacağı mebellərin rəngi, tətil proqramı, rəqabət içərisində olduğu insanlar, sahib olduğu paltarlar, fərdi əşyalar və daha bir çox əsas o anda artıq ağlının ucundan belə keçməyəcək hala gəlmişdir.
Keçən hər saniyə onun üçün əhəmiyyətlidir. Hər saniyə geriyə doğru gedir və ölümə yaxınlaşır. Hər keçən an daha az xeyir işləyə biləcək müddəti qalır. Üzərində bu həqiqəti ola biləcək ən dərin şəkildə hiss etməyin verdiyi müsbət mənada bir təlaş var. Daha çox ibadət edə bilmək, daha dərin səmimiyyət əldə edə bilmək, Allahdan daha çox qorxa bilmək, Allaha daha səmimi dua edə bilmək, ən səmimi qəlblə Allaha tövbə edə bilmək, əxlaqını sanki Peyğəmbər əxlaqı kimi gözəlləşdirə bilmək, Müsəlmanlara olan sevgisini, hörmətini ən mükəmməl şəkildə göstərə bilmək, Allaha, İslama, Müsəlmanlara ən səmimi xidməti edə bilmək üçün həm mənəvi, həm də fiziki cəhətdən bütün gücü ilə çalışar. Zehnində, sözündə və rəftarlarındakı hər şey yalnız xeyir işləmək üçündür. Allahı düşünmədən, Allaha sığınmadan, Allahdan dərin və səmimi hörmətlə qorxmadan tək bir saniyə keçirməz. Dünyadakı maddi hər şey (-dini mövzular xaricində-) onun üçün əhəmiyyətini itirmişdir. Ürəyində yalnız Allah və Allahın özündən istədikləri var...
Ölümə bu qədər yaxınlaşmış insanın həyatı daha bir çox cəhətdən nümunə göstərilə və əsaslandırıla bilər. Ancaq burada ölçü alınmalı olan budur: Bu insanı görən hamı ondakı iman dərinliyini, iman coşğusunu və Allaha olan candan sevgisini və yaxınlığını hiss edər. Fövqəladə bir şeyi fərq etmiş, fərq etdiyi bu həqiqəti çox yaxşı qavramış, çox dərin şüur sahibi insanın cəsarəti, mərdliyi, dözümü, coşğusu, şövqü, səmimiyyəti və dərinliyi içərisindədir.
Beləliklə, Allaha inanan hər insanın özünü belə bir insanı xəyal edərək yenidən nəzərdən keçirməsi lazımdır. Çünki əslində bütün insanların vəziyyəti bu adamdan fərqsizdir. O adama yalnız ölümünə dair bir məlumat verilmişdir. Amma ölüm hər insan üçün hər an eyni yaxınlıqdadır. Son dərəcə sağlam biri ölüm xəbərini alan birindən daha əvvəl ölə bilər. Ölüm də, axirət də, cənnət və cəhənnəm də o adama təsəvvür etdiyindən daha yaxındır. Buna görə də insanın əxlaqını gözəlləşdirə bilməsi üçün mütləq ölümünün yaxınlaşdığı xəbərini almağı gözləməsinə ehtiyac yoxdur. Bu iman dərinliyini ən sağlam, ən gənc, ən çox imkanı olduğu zaman da yaşamağa çalışmalıdır. Bütün üslubu, danışıqları, davranışları bu dərinlikdə olmalıdır. Necə ki, ölüm yaxınlaşdığı an heç kim ona təsir etmədən, öyrətmədən, ya da yol göstərmədən doğru olanı tapa biləcəksə, bu vəziyyət meydana gəlmədən də eyni vicdan həssaslığı içərisində yaşamalıdır.
Allahın razılığına əsl uyğun olan əxlaq budur. Həqiqi imanın insanda meydana gətirməli olduğu ruh halı, iman dərinliyi və vicdan açıqlığı da budur. Buna görə də Allahı çox sevən, yalnız Allahı razı etməyi və sonsuz həyatında Rəbbimizin sevgisinə qovuşmağı ümid edən hər insan “hər an öləcəkmiş kimi ölümün yaxınlığını hiss edən” ruh halında yaşamalıdır. Quranda ölümlə qarşılaşdıqları zaman şüurları açılan və dünyaya geri dönüb saleh əməllər işləmək üçün Allahdan icazə istəyən şəxslərin vəziyyəti xəbər verilmişdir. Bu şəxslərin yaşadığı peşmanlıq hələ zamanları varkən əllərindəki imkanlarını Allahın razı olacağı şəkildə istifadə etmədikləri üçündür. Bu peşmanlığı yaşamamanın yolu isə insanın bütün həyatını ölümün və axirətin həqiqətini hər an hiss edərək yaşamasıdır.
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır. (Müminun Surəsi, 99-100)