Gözəl Mövzular


Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?


Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?

Allah möminlərə hadisələri həmişə ən ədalətli yolla, Quranda bildirilən hədlərə uyğun olaraq dəyərləndirməyi əmr etmişdir. İnsanlar arasında hökm etdikdə mütləq ən ədalətli qərarı verməyi və haqlı olanın tərəfində olmağı bildirmişdir.

Möminlər şahidlik etdikdə də doğru və ədalətli davranarlar. İnsanın bəzən verdiyi bir qərar, edəcəyi şahidlik öz əleyhinə ola bilər və ya yaxınlarının mənfəətinə zidd ola bilər. Ancaq Allah`dan qorxan insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki möminlərin işlərində ölçü Allah rizasıdır. Allah`ın razı olmadığı şahidliyi etmək və ya qərar vermək, bəlkə, zahirən həmin anda insana xeyir gətirdiyini düşünmək olar. Ancaq Allah razı olmadıqdan sonra əldə edəcəyi dünyəvi mənfəət möminlərə rahatlıq və xoşbəxtlik gətirməz.

Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

İnsanların ədalətli qərar verməsinə mane olan digər təhlükə insanlara qarşı olan qəzəbdir. Əgər bir insan başqa birinə qəzəblənibsə və ya ona qarşı kini varsa, ona mənfəət vermək, onun xeyrinə hərəkət etmək istəməz. Ancaq möminlər belə vəziyyətdə də Allah`ın rizasını düşünər və qarşılarındakı insanın kimliyindən asılı olmayaraq, ədalətli davranarlar. Çünki Allah iman gətirənlərə "…Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır…" (Maidə surəsi, 8) şəklində əmr etmişdir.