Gözəl Mövzular


Qətiyyətli dua qədərin açarıdır


Qətiyyətli dua qədərin açarıdır
Demək olar ki, hər gün rastlaşdığınız, çox yaxşı bildiyinizi və çox yaxşı anladığınızı düşündüyünüz bəzi mövzular var. Belə ki, çox vaxt bu mövzunu daha yaxşı anlamağınızın mümkün olmadığını zənn edirsiniz. Ancaq bəzən elə bir söz eşidirsiniz, elə fərqli izaha şahid olursunuz ki, çox yaxşı bildiyinizi düşündüyünüz həmin mövzuda əvvəlcə heç düşünmədiyiniz yeni bir pəncərə açılır. Bir anda bütün düşüncələriniz dəyişir. O mövzudakı bütün qaranlıqlar aydınlaşır. Çox yaxşı bildiyinizi düşündüyünüz mövzunu sanki ilk dəfə eşidirmiş kimi yenidən öyrənirsiniz.
İnsanın həyatının fərqli mərhələlərində daim yeni və daha ətraflı məlumat əldə edəcəyi mövzulardan biri duadır. İman edən insan Allah’ın bütün dualara qarşılıq verəcəyini bilir və bu həqiqətə tam yəqinliklə inanaraq iman gətirir. Ancaq insanın Allah’a olan yaxınlığı, imani dərinliyi, qədər anlayışı artdıqca, dua mövzusundakı məlumatları da formalaşır. Quran ayələrini çox yaxşı bilməsinə baxmayaraq, həmin ayələri yenidən oxuduğu zaman o ayələri daha yaxşı anlayır. İmanda qətiyyətli olan hər insanın həyatının sonuna qədər bu vəziyyət davam edir.
Dua mövzusunda insanın eşitdiyi zaman ürəyinin açılmasına vəsilə olan məlumatlardan biri də, duanın qədərin açarı olmasıdır. Bu, Allah’ın adətullahının bir hissəsidir. Müsəlmanlar sevgi və şövqlə Allah’dan istədikləri zaman, Allah’ın izni ilə, bu dua reallaşır.
Bu, bir çox insanların bilmədiyi bir sistem və Allah’ın sirridir. Dua edildiyi zaman Allah’ın qədəri hərəkətə keçir. Xüsusilə də, birlikdə edilən dua çox təsirlidir. Müsəlmanlar birlikdə, qətiyyətlə və səbəblərə sarılaraq dua etdikdə, insanların reallaşmasına ehtimal etmədikləri hadisələr belə Allah’ın izni ilə reallaşır. Allah dünyanı bu adətullah ilə yaratmışdır.
Allah insanların qədərin bu sirrini qavraya bilmələri üçün Quranda bir çox nümunə vermişdir: Hz. Yunus (ə.s) balığın qarnında Allah’ı çox zikr edərək dua etmiş və Allah onu bu vəziyyətdən xilas etmişdir. Hz. Musa (ə.s) və qövmü dənizlə Fironun ordusunun arasında qaldıqları zaman hz. Musa (ə.s) Allah’a tam təslimiyyətlə və güvənərək dua etmiş, Allah onu və qövmünü möcüzəvi bir şəkildə qurtarmışdır. Peyğəmbərimiz (s.ə.v) də dostu ilə birlikdə mağarada ikən Allah’ın sonsuz gücünə könüldən təslim olmuş, Allah onu inkar edənlərin tələlərindən qoruyub qalib etmişdir. Həmçinin, hz. Yusuf (ə.s) quyunun dibinə atıldığı zaman Allah ona sonsuz mərhəməti ilə kömək etmişdir. Hz. İbrahim (ə.s) oda atıldığı zaman da Allah’ın sonsuz lütfü təcəlli etmiş və Allah hz. İbrahim (ə.s) üçün odu sərinlətmişdir. Hz. Zəkəriyya (ə.s) isə Allah’a dua etmiş və yoldaşı da, özü də yaşlı olmalarına baxmayaraq, Allah’ın lütfü ilə hz. Yəhyanın (ə.s) doğulması ilə müjdələnmişdir.
Allah peyğəmbərlərinin səmimi dualarına verdiyi qarşılığı Qurandakı bəzi ayələrdə belə xəbər verir:
Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allah’a tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (“Saffat” surəsi, 139-148)
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!” (– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (“Şuəra” surəsi, 61-67)
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (“Tövbə” surəsi, 40)
Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq, Yusuf və onun qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (“Yusuf” surəsi, 8-9)
(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (“Yusuf” surəsi, 15)
(Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi. Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər. (“Yusuf” surəsi, 19-20)
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (“Yusuf” surəsi, 21-22)
Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (“Ənbiya” surəsi, 59-61)
Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, tanrılarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (“Ənbiya” surəsi, 68-70)
Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (“Ənbiya” surəsi, 89-90)
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”. (“Ali İmran” surəsi, 38-40)
Quranda bəhs edilən bu nümunələrlə öz həyatlarında qarşılaşan bəzi insanlar o ankı şərtlərin dəyişməsinin mümkün olmadığını düşünürlər. Ümidsiz və inancsız olduqları üçün də Allah’ın gücünü lazımi şəkildə təqdir edə bilmir, Allah’a səmimiyyətlə və tam təslimiyyətlə güvənərək dua edə bilmirlər. Bu, insanların qətiyyətli duanın sirrini bilməmələrindən və duanın qədərin açarı olduğundan xəbərsiz olmalarından qaynaqlanır.
Halbuki, Allah diləsə, insanların qəflətə qapılaraq qeyri-mümkün dedikləri hər şey bir anda reallaşar. Necə ki keçmişdə Allah elçilərinə, saleh möminlərə kömək etdisə, qeyri-mümkün zənn etdikləri hadisələr reallaşdısa, bu vəziyyət insanların həyatları üçün də etibarlıdır.
Belə ki, hər insanın həyatında çox istədiyi, lakin reallaşması çox çətin görünən vəziyyətlər ola bilər. Bu çətin vəziyyətlər insanı əsla aldatmamalıdır. Duanın qədərin açarı olduğunu və dua edildiyi zaman Allah’ın qədərinin hərəkətə keçdiyini əsla unutmamaq və Allah’dan inanaraq istəmək çox mühümdür. Belə ki, Rəbbimiz hz. Musaya (ə.s) yol açdısa, Peyğəmbərimizə (s.ə.v), hz. Yunusa (ə.s), hz. Zəkəriyyaya (ə.s), hz. İbrahimə (ə.s) kömək etdisə, onlar kimi bütün səmimi müsəlmanların da dualarına mütləq rəhməti ilə qarşılıq verəcəkdir.
Bir şeyin reallaşmasını çox istəyən mömin də eynilə hz. Yunus (ə.s) kimi Allah’ı çox zikr edəcək, Peyğəmbərimiz hz. Muhammed (s.ə.v) kimi, hz. Musa (ə.s) kimi ən çətin şəraitdə də “Əlbəttə, Allah bizimlə bərabərdir” deyəcək və heç bir şübhəyə qapılmadan Allah’ın gücünə qəti şəkildə iman gətirib güvənəcək. Bu zaman Allah’ın duadakı sirri reallaşacaq və Allah’ın izni ilə, qədər bu istiqamətdə hərəkət etməyə başlayacaq.
Böyük İslam alimi İmam Rəbbani bir sözündə möminlərə bu əhəmiyyətli həqiqəti belə xatırladır:
“Bir şeyi istəmək, ona nail olmaq (onu əldə etmək) deməkdir; Zira Allahu-Təala qəbul etməyəcəyi duanı quluna etdirməz” (İmam Rabbani)