Ölüm insanın bütün gücünü itirdiyi, Rəbbimizin qarşısında acizliyini, möhtaclığını kamil şəkildə və şüurla qavradığı andır. Bu həqiqətlə qarşılaşan insanın o ana qədər necə əxlaq göstərməsindən asılı olmayaraq, böyük sevgi, hörmət və acizliklə Allaha təslim olması gözlənilir.
Ancaq bəzən iman gətirənlər üçün ibrət olan hadisələr reallaşır. Çətin, sıxıntılı günlər keçirən, müalicəsi mümkün olmayan və dəhşətli ağrılar verən xəstəliklərə tutulan və hətta ölümünə az qaldığı deyilən bəzi insanlar acizliklərini hiss edib Allaha sığınmaq (Allahı tənzih edirik) əvəzinə, çox çirkin cəsarət və imani şüursuzluq göstərirlər. Ölümün yaxınlaşdığını hiss edib Allaha sığınmaq, iman gətirib axirəti düşünmək yerinə, dünyaya bağlanmağa davam edirlər. İman gətirən insanların heyrətlə və ibrətlə izlədikləri bu insanlar Allahın Quranda xəbər verdiyi ayələrin təcəlliləridir.
“Adamlıq dini” adlanan, sadəcə dünyanı məqsəd edən, dünya və insanlar üçün yaşamağı hədəfləyən həyat forması insanı böyük peşmançılığa düçar edir.
Möminlərin imanlarının artmasına, Allaha daha dərin hörmətlə bağlanmalarına və acizliklərini daha yaxşı hiss etmələrinə vəsilə olan bu insanlara demək olar ki, hər gün qəzetlərdə, xəbərlərdə və ya cəmiyyətdə rast gəlmək mümkündür. Məsələn, xərçəng xəstəliyinə tutulan, ömrünə 20-30 ay qalan insanın hər gün Allaha daha da yaxınlaşması, axirət üçün daha səmimi cəhd etməsi gözləndiyi halda, bu insan həyatını son anına qədər dinə və inananlara qarşı mübarizə aparmaqla keçirir. Acizliyinə və başına gələn sıxıntılara baxmayaraq, bir an belə Allahın ona verdiyi neməti düşünmür, bütün gözəllikləri ona bəxş edənin və çəkdiyi sıxıntılardan onu qurtarmağa qadir olanın Allah olduğunu təqdir edə bilmir. Öləcəyini, Allahın hüzuruna gedəcəyini və özünü Allahdan başqa heç kimin qurtarmayacağını çox yaxşı bildiyi halda imandan üz döndərir.
Heç gözləmədiyi halda ölümcül xərçəng xəstəliyinə tutulduğunu və ömrünün sonuna bir neçə ay qaldığını öyrənən şəxs Allahın gücünə, qüdrətinə, mərhəmətinə sığınmaq əvəzinə, çirkin cəsarətlə həm özünə, həm də ətrafındakılara dinsizliyi təbliğ edir. Bu rəftarının səbəbini soruşanda isə “öləcəyəm deyə, dindar ola bilmərəm”, ya da “hər bir canlı ölümə məhkumdur, insanın ölənəcən nə cür yaşaması isə daha vacibdir” kimi şüursuz şəkildə cavab verir.
Son bir neçə ayını sevgi və səmimiyyətlə xeyirli işlər görmək əvəzinə, üsyan, nifrət, çirkin cəsarət göstərməyə sərf edir. Bunun nə dərəcədə faydasız olduğundan və necə böyük itki olduğundan, nəticədə necə peşman olacağından xəbərsizdir. İnsanları heyrətləndirəcəyini, maraqlarını cəlb edəcəyini, ölümdən və axirətdən qorxduğunu gizlədə biləcəyini düşünməsi və faydasız söhbətlər etməsi ona nə dünyada, nə də axirətdə fayda verməyəcəkdir. Bu günə kimi heç kim ölümdən qaça bilməyib. Öz ağlınca (Allahı tənzih edirik) ölümə, axirətə meydan oxuyan söhbətləri o şəxsi güclü və azad etməyəcək. O şəxs yenə də Allahın yaratdığı qul olaraq qalacaqdır. Allahın dilədiyi yerdə, dilədiyi zaman öləcəkdir. Eyni şəkildə “cənnət, cəhənnəm yoxdur” deməsi də onu axirətdən qurtarmayacaqdır. Allah bu insanı göstərdiyi çirkin cəsarətə və Allaha qarşı olan qüruruna, kininə görə cəzalandıracaqdır. Belə ki, bu insanın qazandığı sonsuza qədər yaşayacağı peşmançılıq olacaqdır.
Həkimlərin bir neçə saat ömrü qaldığını dedikləri, ciyərləri xüsusi alətlərlə işləyən xərçəng xəstəsi son saatlarını yataqdan qalxıb, bu alətləri çıxarıb ataraq keçirir. Bədəninin tamamilə sıradan çıxdığı üçün çətinliklə nəfəs aldığı anlar o insanın Allaha sığınması, Allahdan başqa heç bir güc olmadığını anlaması və Allahın mərhəmətinə sığınıb tövbə etməsi üçün yaradılmış çox dəyərli vaxtlardır. Ölümünə dəqiqələr qalsa da, o, Allaha sevgi ilə yönəlmək əvəzinə, yenə də üsyan edir. Yeganə hədəfi çəkdiyi ağrılardan yaxasını qurtara bilməkdir. Halbuki bu hərəkəti ilə sonsuza qədər dəhşətli əzaba məruz qalacağını düşünmür.
Dünya həyatında iman gətirənlər üçün ibrət vəsiləsi olan başqa bir insan tipi isə ölümləri, cənazələri, ya da məzarları ilə fəxr edən insanlardır. Bu insanlar acizliklərini, Allaha necə möhtac olduqlarını anlamaq əvəzinə, dünya həyatında üstün olmaq, insanlara özlərini göstərmək üçün yollar axtarırlar. “Çox gözəl bir yerdə, dəniz mənzərəsi olan məzar aldım. Mənim məzarım hamınınkından daha yaxşıdır. Öləndən sonra da yaxşı yerdə olacağam”, - deyərək insanlara özünü göstərməyə çalışır. Halbuki istər dəniz kənarında, istər dünyanın ən gözəl yerində basdırılsın, məzar daşları dünyanın ən qiymətli daşları ilə (almaz, qızıl, brilliant, yaqutla) bəzənsin, torpağın altında bədəninin düşəcəyi vəziyyət məlumdur. Bu sondan bir insan belə yaxa qurtara bilməyəcək. Bədəni qısa müddət ərzində çürüyüb iylənəcək, heç kimin bir saniyə belə yanında qalmaq istəmədiyi bir varlığa dönəcəkdir. Heç kim o insanın məzarının ehtişamlılığına, yerinin gözəlliyinə əhəmiyyət verməyəcəkdir. Axirətdə isə məzarının harada, hansı tərəfdə olduğu, nə qədər pul xərcləyərək hazırlandığının heç bir əhəmiyyəti olmayacaqdır.
Bəzisi də: “Ölməyim əhəmiyyətli deyil, əsəs cənazə mərasimimdir. Onsuz da ölürəm, qoy mükəmməl mərasim mənimki olsun”, - deyərək ölümə əhəmiyyət vermir. “Cənazəmdə bu mahnını oxudun, bu şəklimi hamıya göstərin, tabutum bu yerlərə aparılsın, bu binalarda mənim üçün tədbirlər keçirilsin, televizorda bu şəkildə yayımlansın”, - deyə göstərişlər verir, ölümdən canını qurtaracağını düşünür. Halbuki nə qədər iman gətirmədiyini və axirətə inanmadığını desə də, vicdanən axirətin varlığının şüurundadır və hesab günü ilə qarşılaşacağını bilir. Son anına kimi dünyəvi məqsədlər üçün planlar quraraq özünü rahatladacağını və bu qorxunu unudacağını zənn edir. Amma bunun ona heç bir faydası olmaz.
Bura qədər izah etdiyimiz insan xarakterlərinə demək olar ki, hər gün, həm də dünyanın hər yerində rast gətmək mümkündür. Cəhənnəm isə Allaha ibadətdə təkəbbür göstərən bu insanların görüş yeri olacaqdır.
Bundan başqa, Allah adamlıq dininə qapılan bu insanları da (Allahı tənzih edirik), onların cəsarət dolu sözlərini və hərəkətlərini də müəyyən hikmətlərlə yaradır. Bunlardan ən vacibi isə möminlərin imanını artıran ibrət vəsilələri olmalarıdır. Allah Özünə böyük sevgi, səmimiyyət və hörmətlə bağlı olan qullarına imansızlığın dəhşətini göstərir. Möminlər də bu hadisələri və insanları Quranla dəyərləndirib daha şüurlu, daha şövqlü, daha imanlı insanlar olurlar.
Allah Quranda adamlıq dinini yaşayan insanlara bu şəkildə xəbərdarlıq edir:
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun! (Zumər surəsi, 54-55)
Allaha iman gətirməyən insanların axirətdəki peşmançılıqları isə Quranda bu cür ifadə edilmişdir:
Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 40)
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin! (Ənam surəsi, 27)
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!” (Mülk surəsi, 10)
O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir. (Fəcr surəsi, 24)
“... Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” (Kəhf surəsi, 42)
“... Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!“ (Furqan surəsi, 27)