Gözəl Mövzular


Skelet


Skelet

Skelet öz-özlüyündə mühəndislik möcüzəsidir. Orqanizmin dayaq sistemidir. Eyni zamanda, beyin, ürək, ağciyər kimi həyati orqanları qoruyur, daxili orqanlara dəstək olur. İnsan orqanizminə heç bir süni cihaz tərəfindən təqlid olunmayan üstün hərəkət qabiliyyəti verir. Habelə, sümük toxuması cansız deyil. Bu toxuma orqanizmin kalsium, fosfat və digər mühüm minerallarının toplandığı yerdir. Orqanizmin ehtiyacına uyğun olaraq bu mineralları toplayır və ya daha əvvəl topladıqlarını orqanizmə verir. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələri də sümüklərdə əmələ gəlir.

Skelet həm bütövlükdə mükəmməl funksiya yerinə yetirir, həm də onu təşkil edən sümüklər üstün quruluşa malikdir. Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla yerinə yetirəcək qabiliyyətə və möhkəmliyə malikdirlər. Bədənin üzləşdiyi bütün çətin vəziyyətlər də buna daxildir. Məsələn, omba sümüyü dik vəziyyətdə ikən bir ton ağırlığa tab gətirir. Belə ki, atılan hər addımda omba sümüyümüzə bədən ağırlığımızdan üç dəfə artıq yük düşür. Hətta tirlə yüksəklikdən tullanan atlet yerə enərkən çanaq sümüyünün hər sm 2-i 1400 kq təzyiqə məruz qalır. Bəs bircə hüceyrənin bölünməsi nəticəsində əmələ gələn sümüyü bu qədər möhkəm edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlənmişdir.

Mövzunu daha yaxşı anlamaq üçün müasir texnologiyadan bir nümunə vermək yerinə düşər. Böyük və hündür binaların inşasında qəfəs sistemlərindən istifadə edilir. Bu inşaat texnikasında tikilinin daşıyıcı üzvləri bütöv formada deyil, bir-birinə keçmiş qəfəs formasında çubuqlardan təşkil olunur. Yalnız kompyuterlərin apardığı mürəkkəb hesablamalarla böyük körpülər və sənaye tikililəri daha möhkəm və ucuz inşa edilir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə bənzərdir. Lakin sümüyün içindəki sistem insanların istifadə etdiyi qəfəs inşaat sistemindən daha üstün və mürəkkəbdir. Bu sayədə sümüklər həm olduqca möhkəm, həm də yüngüldür. Əgər əksi olsaydı, yəni sümüklərin içi də çölü kimi bərk və dolu olsaydı, həm sümüyün ağırlığını insan daşıya bilməzdi, həm də sümük bərk və kövrək olduğu üçün bir zərbədə çatlayar və ya sınardı.

Sümüklərimizin bu mükəmməl yaradılışı bizim çox rahat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və ağrısız etməyimizi təmin edir. Sümüyün quruluşunun başqa bir xüsusiyyəti də orqanizmin lazımi yerlərində elastik olmasıdır. Məsələn, döş qəfəsi ürək və ağciyər kimi həyati orqanları qoruyur, eyni zamanda, ağciyərlərə havanın dolub-boşalması üçün genişlənir və sıxılır.

Sümüklərin elastikliyi zaman ərzində dəyişir. Məsələn, qadınlarda çanaq sümükləri hamiləliyin son aylarında yumşalır və bir-birlərindən bir az ayrılır. Bu, çox mühüm detaldır, çünki bu yumşalma sayəsində doğuş zamanı uşağın başı əzilmir.

Sümüklərdəki möcüzələr bunlarla məhdudlaşmır. Sümüklər elastikliyi, möhkəmliyi və yüngüllüyü ilə bərabər özlərini təmir etmə xüsusiyyətinə də malikdirlər. Bu da orqanizmdəki bir çox proses kimi milyonlarla hüceyrənin birlikdə işləməsi ilə baş verir.

Skeletin hərəkət qabiliyyəti də başqa bir detaldır. Hər addım atdıqda onurğamızı təşkil edən fəqərələr bir-birinin üstündə hərəkət edirlər. Bu müntəzəm hərəkət və sürtünmə fəqərələrin aşınmasına səbəb ola bilər, lakin bu təhlükənin qarşısını almaq üçün hər fəqərənin arasında disk adlanan möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amortizator funksiyasını yerinə yetirir. Habelə, hər addım atdıqda bədənin ağırlığından qaynaqlanan itələmə qüvvəsi də yerdən gəlir. Bu qüvvə onurğanın amortizatorları və qüvvə paylayıcı “S” şəkilli forması sayəsində bədənə zərər vermir. Əgər itələmə qüvvəsini azaldan elastiklik və xüsusi forma olmasa, əmələ gələn qüvvə birbaşa kəllə sümüyünə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.

Sümüklərin bir-birlərinə bitişdiyi yerlərdə də yaradılış dəlillərini görmək mümkündür. Oynaqlar ömür boyu hərəkət etdikləri halda, yağlanmağa ehtiyac hiss etmirlər. Bioloqlar bunun səbəbini araşdırdılar: oynaqlardakı sürtünmə necə aradan qaldırılır?

Elm adamları məsələnin əsl yaradılış möcüzəsi olan sistemlə həll edildiyini gördülər: oynaqların sürtünmə səthləri nazik və məsaməli qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqələrin altında qatı və sürüşkən maye var. Sümük oynağın bir yerinə təzyiq göstərdikdə bu maye dəliklərdən çıxır və oynağın üzərini yağ kimi sürüşkən edir.

Bütün bunlar insan bədəninin çox mükəmməl, üstün yaradılış əsəri olduğunu göstərir. İnsan bu mükəmməl yaradılış nəticəsində bir-birindən fərqli hərəkətləri sürətlə və asanlıqla edir.

Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, ayağımızın bir uzun sümükdən ibarət olduğunu düşünün. Yerimək böyük problemə çevrilər, çox qaba və hərəkətsiz bədənimiz olardı. Bir yerdə oturmaq belə çətinləşər, bu cür hərəkətlər əsnasında maneələrə görə ayaq sümüyü tez qırılardı. Halbuki, insanın skeleti bədəninin hər hərəkətini asanlaşdırır.

Skeletin bütün xüsusiyyətlərini Allah yaratmışdır və hələ də yaradır. Allah yaratdığı insanı bu həqiqət üzərində düşünməyə dəvət edir:

... Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük... (Bəqərə surəsi, 259)

İnsan bu həqiqət üzərində düşünməli və onu yaratmış Allah`ın gücünü təqdir edib Ona şükür etməlidir. Bunu etməsə, böyük itkiyə məruz qalar. Sümükləri ilk dəfə yaradıb sonra da onların üstünü ətlə örtən Allah bunu istədiyi vaxt istədiyi kimi etməyə qadirdir. Allah bu həqiqəti Quranda belə bildirir:

Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!” (Yasin surəsi, 77-79)