Gözəl Mövzular


Yerin yükünü çıxarıb atması


Yerin yükünü çıxarıb atması

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman. Yer öz yükünü çıxardıb atacağı zaman. İnsan: "Buna (bu yerə) nə olub?" – deyəcəyi zaman - məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. (Zəlzələ surəsi, 1-4)

Ərəb dilində "zilzəl" zəlzələ, təkan, "əsqaləha" isə "ağırlığını, ağır yükünü" mənasını verir. Yuxarıdakı ayələr ilkin mənada zəlzələ ilə bağlı mühüm elmi həqiqətə işarə edir.

"Zəlzələ" surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı yerin yükünü atmasından bəhs edilir. Belə ki, son illərdə aparılan tədqiqatlar nəticəsində yerin mərkəzində ağır metallar olduğu və onların yer qabığındakı təkanlar nəticəsində üzə çıxdığı məlum olmuşdur. Geoloqların diaqnozuna əsasən, Yer soyuduqca ağır və sıx maddələr Yerin mərkəzinə çökmüş, yüngül maddələr isə yuxarıya qalxmışdır. Ona görə, yer qabığında ən yüngül maddələr (bazalt və qranit qayalardan), nüvədə isə ağır metallar (nikel və dəmir) yerləşir. Nəticədə, ərimiş metallardan təşkil olunmuş alt qat üst qatdan daha ağır və sıxdır.

Zəlzələ zamanı yerin altındakı ağır maddələr yerin səthinə çıxır, beləliklə, ayələrdə tərif edildiyi kimi, yer yükünü çıxarıb atır. Bundan əlavə, metal yataqlarının ən çox olduğu yerlər zəlzələ və vulkanik hərəkətlərin daha çox baş verdiyi ərazilərdir. Aparılan hərtərəfli tədqiqatlar nəticəsində yaxın keçmişdə üzə çıxan bu faktlar Allah`ın Quranda işarə etdiyi elmi həqiqətlərdən biridir.