Yerin cazibə qüvvəsi və orbit hərəkətləri
And içirəm yanıb sönən ulduzlara; Seyr edib gizlənən səyyarələrə; (Təkvir surəsi, 15-16)
"Təkvir" surəsinin 15-ci ayəsində işlədilən "xunnəs" sözünün büzülmək, geriləmək, geri qayıtmaq kimi mənaları var. 16-cı ayədə "seyr edib gizlənən" kimi tərcümə edilmiş söz isə ərəbcə "kunnəs"dir. "Kənis" sözünün cəm halı olan "kunnəs" ifadəsi müəyyən marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası, yuvasına girib gizlənənlər mənalarını verir. 16-cı ayədəki "seyr edən" sözü isə cərəyan kökündən törəyən və seyr edib gedən mənasını verən "cariyə" sözünün cəm halı olan "cəvar"dır. Bu sözlərin mənalarını nəzərə aldıqda, planetlərin cazibə qüvvələri və orbitlərindəki hərəkətlərə işarə edildiyini söyləmək olar.
Yuxarıdakı ayələrdə işlədilmiş bu sözlər cazibə qüvvələrinin səbəb olduğu orbit hərəkətlərini tam tərif edir. Bunlardan "xunnəs" sözü ilə planetlərin istər öz nüvələrinə doğru, istərsə də Günəş sisteminin mərkəzi olan Günəşə doğru cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatdakı yeganə qüvvədir, ancaq bu cazibə qüvvəsini XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton (Isaac Newton) riyazi formullarla sübut etmişdir. Növbəti ayədə işlədilmiş "əl-cəvari" sözü də bu cazibə qüvvəsinə müqavimət göstərən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbit hərəkətlərinə işarə edir. Şübhəsiz, "seyr edən" mənasını verən "əl-cəvari" sözünün "xunnəs" (mərkəzə doğru çəkilmə, büzülmə) və "kunnəs" (marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası) sözləri ilə birlikdə işlədilməsi 1400 il əvvəl aşkarlanması qeyri-mümkün olan elmi fakta diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan əlavə, Quranda and içilən bu ayələr məsələnin əhəmiyyətinə diqqət çəkən başqa bir işarədir.