Gözəl Mövzular


Yaxşı insan hər kəs üçün nemətdir. “ Onsuz da, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil


Yaxşı insan hər kəs üçün nemətdir. “ Onsuz da, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək  bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil

Cahil cəmiyyətlərdə yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış tərzi hakimdir. İnsanlar gözəl əxlaqlı şəxslərin öz davranışlarından dönmədiyini bildikləri üçün onların bu xüsusiyyətlərindən sui-istifadə etməyə çalışırlar." Onsuz da, bu insandan mənə zərər gəlməz", "O, buna bir şey deməz", " Onsuz da, nazım keçər", "Mən nə etsəm də, pisliklə cavab verməz", "Səbirli və əfvedici davranar" və ya "Bir şey olsa, mən bu insanı çox asanlıqla idarə edərəm, rahatlıqla istədiyimi etdirə bilərəm" kimi bir düşüncə ilə bu cür insanların yaxşı niyyətlərindən istifadə edirlər.

Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində mövcud olan yanlış bir düşüncədir. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər.

Ancaq təəccüblüdür ki, həmin insanlar bu yanlış düşüncələrinin əksinə, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxslərə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri çatdığı qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da elə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.

Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini iş yerlərində görmək mümkündür. Əgər bir iş yerində işləyən insanın müdiri xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə , bu insan mülayim davranacaq, həddindən artıq reaksiya verməyəcək, vəziyyəti idarə edəcəkdir. Xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. İstədiyi bir iş başdansovdu edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətlilik dərəcəsinə baxacaq. Hətta özünə hörmət edilmədiyi zaman da səbirli davranacaq.

Bunları bilən və təcrübədən keçirən bir insan bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verir. Çünki əmək sərf etməsə də, heç bir itkiyə məruz qalmayacaq, qarşı tərəfin gözəl əxlaqı və yaxşılığı hər şeyi düzəltməyə və tarazlaşdırmağa kifayət edəcək. Bu insan da o şəxsin gözəl əxlaqından istifadə edəcək.

Lakin, bunun əksinə, iş sahibi təkəbbürlü, qəzəbli, dəyişkən xarakterli, tərs insandırsa, ona qarşı olan hörmət də yüksək səviyyədə olur. Belə bir insana qarşı bilərək və ya bilməyərək qüsur etməkdən mütləq çəkinilir. Həm işdə, həm də işdən kənar yerlərdə böyük heyranlıq və hörmət hissi duyulur. Bu insan orada işləyən hər kəs üçün çox mühüm insan olur. Belə bir insandan istifadə etmək yox, onu məmnun etmək, gözünə girmək üçün hər cür üsuldan istifadə edilir. Çünki bu xarakterdəki iş sahibinə qarşı bir xəta edilərsə, xəta edən insan böyük zərər görəcək. Ehtimal ki, dərhal işdən çıxarılacaq və bunun nəticəsində də maddi cəhətdən sıxıntıya düşəcək.

Buna görə də, bu cür insan mənfəəti ilə toqquşan bir vəziyyətə düşməmək üçün özlüyündə haqq-hesab aparar və mənfəətləri üçün belə insana qarşı hörmətcil, gözəl əxlaqlı, itaətkar, mehriban bir davranış nümayiş etdirmək qərarına gələr. İş həyatında tez-tez rast gəlinən bu vəziyyət həyatın digər sahələrində də özünü göstərir. Dostluqlarda, ailə münasibətlərində, qonşuluq əlaqələrində, ortaqlıqlarda eyni qaydalar səssiz şəkildə tətbiq edilir. İnsanlar şüuraltlarında güclü gördükləri insanlara hörmət duyma yönündə sanki kütləvi şəkildə qərar vermiş kimidirlər. Ancaq güc sahibi olduğuna inandıqları insanlar aciz vəziyyətə düşəndə, onları dərhal digər kateqoriyaya aid edir və bir anda o insanlara olan hörmətlərini və heyranlıqlarını da itirirlər. Əgər bu insanlar yenidən əvvəlki işlərinə qayıtsalar, nə qədər riyakarca olduğuna heç məhəl qoymadan yenə hörmətcil davranışlarına geri dönürlər.

İnsanlar arasında geniş yayılmış bu düşüncə tərzinin tamamilə yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar mənfəətlərinə uyğun olaraq zehinlərində iki cür əxlaq formalaşdırıblar. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və itaətkar davranacaqlarını, kimə qarşı isə təkəbbürlü və laqeyd münasibət göstərəcəklərini əzbər bilir və bunları həyata keçirirlər.

Bu yanlış anlayış belə insanlardakı Allah inancının və Allah qorxusunun əskikliyindən qaynaqlanır. Belə insanlar əxlaqlarını sadəcə dünya mənfəətlərinə əsaslanaraq formalaşdırır və bunu da istədikləri vaxt və istədikləri tərzdə dəyişdirirlər.

Ancaq bu da bir həqiqətdir ki, bu insanlar özlərinə bu şəkildə davranılmasını əsla istəməzlər. Yanlarında hər zaman etibarlı, sadiq, dürüst, doğru danışan, xoş niyyətli, səmimi, mənfəət ardınca düşməyən, gözəl əxlaqlı insanlar axtararlar. Özlərinin isə nə qədər riyakar, ikiüzlü, təhlükəli və güvənilməz bir insan görünüşündə olduqlarını düşünməzlər.

İman gətirən insanlarda isə bu cür əxlaq anlayışına rast gəlmək mümkün deyil. Mömin Allah üçün yaşayar, Allah üçün sevər, Allah üçün gözəl əxlaq nümayiş etdirər. İnsanlara, mənfəətlərə, şərtlərə görə tətbiq etdikləri fərqli əxlaq anlayışları olmaz. Allah'ın Quranda bildirdiyi mükəmməl insan əxlaqı vardır, mömin də yalnız bu əxlaqı yaşayar. Qarşısındakı insan gözəl əxlaq göstərsə də, göstərməsə də, mömin gözəl əxlaqı Allah üçün yaşadığına görə əsla bundan imtina etməz. Bir insana yaxşı davranarkən, digərinə qarşı pis əxlaq göstərməz. Mənfəətləri ilə toqquşsa da, vicdanı əsla belə bir səmimiyyətsizlik etməsinə izin verməz.

Möminin əxlaqındakı bu üstünlüyün aydın olması çox vacibdir. Çünki dünyanın hər tərəfindəki insanların çəkdikləri sıxıntılar, əslində, öz yanlış əxlaqlarından qaynaqlanır. Tətbiq etdikləri yanlış qaydalarla daim özləri kimi yeni insanlar meydana gətirir, bunun nəticəsində də, öz düşüncələrinin hakim olduğu insanlardan ibarət bir dünyada yaşayırlar. Başqasına qarşı göstərdikləri pis əxlaqın əvəzini, onlar da eyni şəkildə özlərinə qarşı göstərilən pis əxlaqla alırlar.

Allah hər mövzuda olduğu kimi, bu mövzuda da insanlara çıxış yolu kimi Quran əxlaqını göstərmişdir. Qurana tabe olan bir insan Allah'ın ayələrdə bildirdiyi sirlərin əksini həyatının hər anında və hər sahəsində çox açıq şəkildə görər. Yaxşılıq üçün verilən heç bir əmək əsla lazımsız deyil. Bu, insana nemətlərin ən gözəlini – Allah'ın razılığını qazandırır.

Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq nümayiş etdirən bir insan ,Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək. Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah'ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (“Yunus” surəsi, 26)
Müttəqilərə: "Allah nə nazil etmişdir?"– deyildikdə, onlar: "Xeyir (nazil etmişdir)!"– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (“Nəhl” surəsi, 30)
De: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah'ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (“Zumər” surəsi, 10)
...Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (“Şura” surəsi, 23)
...yaxşılıq edənləri müjdələ! (“Həcc” surəsi, 37)