Gözəl Mövzular


Yaradılışdakı cütlər


Yaradılışdakı cütlər

Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Yasin surəsi, 36)

Erkək-dişi "cüt" mənasının qarşılığı olsa da, ayədə bəhs edilən "bilmədiklərindən" ifadəsi daha dərin məna daşıyır. Belə ki, dövrümüzdə ayənin işarə etdiyi mənalardan biri artıq bizə məlumdur. Maddənin cütlər şəklində yaradıldığını aşkar edən ingilis elm adamı Pol Direk (Paul Dirac) 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görülmüşdür. "Parite" adlandırılan bu kəşf maddənin antimaddə adlanan cütü olduğunu ortaya qoymuşdur. Antimaddə maddənin zidd xüsusiyyətlərini daşıyır. Bu həqiqət bir elmi mənbədə belə ifadə edilir:

... Hər zərrəciyin zidd yüklü antizərrəciyi var. Qeyri-sabitlik əlaqəsi bizə bu cütlərin hər yerdə və hər zaman eyni anda əmələ gəldiyini və məhv olduğunu göstərir.51

Cüt yaradılmış şeylərə başqa nümunə də bitkilərdir. Botaniklər bitkilərdə cinsiyyət fərqi olduğunu 100 il əvvəl müəyyən ediblər. 52 Halbuki, bitkilərin cüt yaradıldığı Quranda 1400 il əvvəl aşağıdakı ayələrlə açıq şəkildə bildirilmişdir:

Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər) yetişdirdik. (Loğman surəsi, 10)

O (Allah) ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik. (Taha surəsi, 53)


Eyni şəkildə, meyvələrin də dişicik və erkəkciyi var. Quranda bu məlumat "Rəd" surəsinin 3-cü ayəsində ifadə edilir:

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 3)

Ayədə "cüt-cüt" tərcümə edilmiş "zəvceyni" sözü ərəb dilində "tay, həyat yoldaşı" mənasını verən "zəvc" kökündən törəyib. Məlum olduğu kimi, yetişmiş bitkilərin son məhsulu meyvədir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəkcik və dişicik kimi orqanları var. Çiçəyə tozcuq daşınaraq döllənmə baş verdikdə, yəni erkəkcik və dişicik birləşdikdə meyvə əmələ gəlir. Zaman ərzində meyvə yetişir və toxum tökür. Meyvələrin müxtəlifcinsli xüsusiyyətləri olduğuna dair bu həqiqət Quranda işarə edilmiş başqa bir elmi faktdır.