Gözəl Mövzular


Səbir etmək üstün əxlaq xüsusiyyətidir. İnsan hər şeyin tez nəticələnməsini istəyir. Halbuki Allah bəzi nemətləri səbrin arxasında gizlətmişdir


Səbir etmək üstün əxlaq xüsusiyyətidir. İnsan hər şeyin tez nəticələnməsini istəyir. Halbuki Allah bəzi  nemətləri səbrin arxasında gizlətmişdir

İnsan iradəli, ağıllı, vicdanlı olmadığı təqdirdə çox səbirsiz olur. İstəyir ki, hər şey tez olsun, hər mövzu tez nəticələnsin, bir az cəhd edən kimi istədiyi hər şeyi əldə edə bilsin, sıxıntılar tez keçib keçsin. Amma dünya həyatının xüsusiyyətinə görə hər şey tez və qısa müddətdə həll olmur. Bəzən insan bir məsələ üzərində aylarla, hətta illərlə çalışa, uzun müddət səbir edə bilər. İnsan heç vaxt “Olmur”, “Deməli, səhv yoldayam”, “Mənim cəhdim baş tutmur”, “Daha bu yolda cəhd etməyim, bunun faydası yoxdur” kimi səhv düşüncələrə qapılmamalıdır.

İnsanların çoxu səbirli deyil. Allah isə insanları bu yolda imtahan edir. İnsanlardan yalnız Allahı çox sevənlər, Allahın rizasını istəyənlər və Allah rizası üçün cəhd edənlər həqiqi mənada səbir edə bilərlər. Başqaları bir-iki gün, bir həftə, bir neçə ay səbir etdikləri halda, iman gətirən insanlar Allah üçün lazım gəlsə həyatlarının sonuna qədər, ən çətin, ən ağır şəraitdə belə səbir edərlər. Allahın insanları sınamasındakı hikmətlərdən biri də elə budur: Allahı sevən və Allaha könüldən iman gətirən insanların ortaya çıxması...

Buna görə də insan heç vaxt səbirli olmaqdan bezməməli, cəhdindən şübhəyə düşməməli və əl çəkməməlidir. Bəzən Allah insana dünyada və axirətdə bəxş edəcəyi nemətləri səbrin sonunda gizlədir. İnsan çalışdığı, səbirlə cəhd etməyə, Allahdan istəməyə, ümid etməyə davam etdiyi zaman özünü nə gözlədiyini bilməz. Bu insanın məqsədi Quran əxlaqını yaşayaraq Allahın rizasını qazanmaqdır. Əsl məqsədi nemət əldə etmək deyil. Amma Allah sonsuz lütf, mərhəmət və rəhmət sahibi olduğu üçün möminləri mükafatlandırır. İnsan aylarla, illərlə Quran əxlaqına uyğun rəftar edib səbirli olduqda heç düşünmədiyi qədər böyük nemətlərlə qarşılaşa bilər. Allah Quranda bu lütfünü insanlara belə bildirmişdir:

... Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

İnsan sıxıntı, nemət itkisi, yoxluq, ya da çətinlik çəkdiyi zaman, bir mövzuda çox cəhd etdiyi zaman səbir edəcəyi vaxt uzandıqca və ya gözlədiyi nəticəyə nail olmadıqca bunun imtahan olduğunu əsla unutmamalıdır. Əgər bu vəziyyətdə bir an belə olsa Allahın lütfündən ümidsizliyə, ya da şübhəyə düşsə, Allah ona lütf etdiyi, heç düşünmədiyi yerdən nemətə qovuşdurduğu zaman Allaha qarşı göstərdiyi bu hərəkətinə görə çox utanacağını düşünməlidir.

Buna görə də insan bu məsələdə zəiflik göstərməmək üçün özünü tərbiyə etməli, Allaha çox güvənməlidir. Allah həyatının sonuna qədər göstərdiyi səbrin əvəzini o insana verməsə belə səhv düşüncələrə qapılmamalıdır. Allahın sonsuz ədalət sahibi olduğunu, səmimi insanın əməyinin əvəzini verəcəyini bilərək rahat, şən və təvəkküllü yaşamalıdır. Bir-iki gün, bir həftə, ya da bir neçə ay səbir edib, sonra şübhəyə düşən insanlar kimi səhv etməməlidir. Allahın insanın səbir edib-etməyəcəyini aşkar etmək üçün xüsusi olaraq yoxladığını bilməli və bunu fürsət kimi dəyərləndirib Allaha olan sevgisini, güvənini və təslimiyyətini göstərməlidir.

Quranda səbir edənlərin əxlaqı bu şəkildə təriflənmişdir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)