Atmosferin təbəqələri
Quran ayələrində kainat haqqında verilən bir məlumatda göyün yeddi qatının olduğu bildirilir:
Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 29)
Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək vücuda gəldik!" – deyə cavab verdilər. Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi… (Fussilət surəsi, 11-12)
Quranda bir çox ayədə işlədilən "göy" sözü həm bütün kainatı, həm də səmanı ifadə etmək üçün istifadə edilir. Sözün bu mənasını düşündükdə, səmanın, başqa sözlə, atmosferin 7 təbəqədən ibarət olduğu nəticəsi ortaya çıxır.
Belə ki, bu gün Yerin atmosferinin üst-üstə müxtəlif təbəqələrdən ibarət olduğu məlumdur. 20 Kimyəvi tərkibi və ya havanın temperaturuna əsasən, Yerin atmosferinin 7 təbəqədən ibarət olduğu aşkar edilmişdir. 21 Bu gün hələ də 48 saatlıq hava proqnozunda istifadə edilən və "Limited Fine Mesh Model" (LFMII) adlandırılan atmosfer modelinə əsasən, atmosfer 7 təbəqədən ibarətdir. Müasir geologiyada atmosferin 7 təbəqəsi aşağıdakılardır:
• Troposfer
• Stratosfer
• Mezosfer
• Termosfer
• Ekzosfer
• İonosfer
• Maqnitosfer
Burada digər maraqlı cəhət isə "Fussilət" surəsinin 12-ci ayəsində işlədilən "O, hər bir göyün işini özünə vəhy edib bildirdi…"ifadəsidir. Yəni ayədə Allah`ın hər təbəqəni müəyyən funksiya ilə yaratdığı bildirilir. Yuxarıda sadaladığımız təbəqələrin hər birinin insanlar və yer üzünün bütün canlıları üçün həyati funksiyaları var. Yağışların əmələ gəlməsi, zərərli şüaların qarşısının alınması, radiodalğaların əks etdirilməsi, meteoritlərin zərərsizləşdirilməsi kimi hər təbəqənin özünəməxsus funksiyası var.
Aşağıdakı ayələrdə bizə atmosferin 7 təbəqəsinin görünüşü ilə bağlı məlumat verilir:
Məgər Allah`ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? (Nuh surəsi, 15)
Yeddi göyü təbəqələr şəklində quran Odur... (Mülk surəsi, 3)
Bu ayələrdə Azərbaycan dilinə "təbəqə-təbəqə" kimi tərcümə edilmiş ərəbcə "tibaqan", eyni zamanda, uyğunluq, bir şeyin özünə uyğun olan qapağı və örtüyü mənalarını da verir, üst təbəqənin alt təbəqəyə uyğunluğunu vurğulayır. Bu sözün cəm halı "təbəqə-təbəqə" mənasını verir. Ayədə tərif edilən "təbəqə-təbəqə göy", şübhəsiz, atmosferi ən mükəmməl şəkildə açıqlayan ifadədir.
XX əsrin texnologiyası olmadan aşkar edilməsi heç cür mümkün olmayan bu məlumatların 1400 il əvvəl nazil edilmiş Qurani-kərimdə bildirilməsi isə böyük möcüzədir.