Orbitlər və dövr edən kainat
Kainatdakı böyük müvazinətin ən mühüm səbəblərindən biri, şübhəsiz, göy cisimlərinin müəyyən orbitlərdə hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də aid olduqları sistemlə birlikdə fırlanır. Kainat eynilə bir fabrikin dişli çarxları kimi incə nizam içində işləyir.
Kainatın gördüyümüz qismində 100 milyarddan çox qalaktika mövcuddur və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə trilyondan çox ulduz mövcuddur. 17 Bu ulduzların çoxunun planetləri, bu planetlərin də peykləri var. Bütün bu göy cisimlərinin çox incə hesablara malik orbitləri var və milyon illərlə hər biri öz orbitində digərləri ilə qüsursuz uyğunluq və nizam içində hərəkət edir. Bunlardan əlavə, bir çox quyruqlu ulduz da onlar üçün müəyyən edilmiş orbitdə üzür.
Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi, hətta digər qalaktikalar başqa mərkəzlər ətrafında da hərəkət edir. Yer və onunla birlikdə Günəş sistemi hər il əvvəlki yerindən 500 milyon km uzaqlaşır. Göy cisimlərinin orbitlərindəki ən azacıq əyrilik sistemi alt-üst edəcək qədər təhlükəlidir. Məsələn, Yerin orbitində 3 mm artıq və ya əksik əyilmənin hansı nəticələr verəcəyi bir mənbədə belə tərif edilmişdir:
Yer Günəşin ətrafında dövr edərkən elə orbit çəkir ki, hər 18 mildən bir 2.8 mm içəriyə əyilir. Yerin bu orbiti zərrə qədər dəyişmir, çünki orbitdən 3 mm-lik əyilmə belə böyük fəlakətlərə səbəb olardı: əyilmə 2.8 mm əvəzinə 2.5 mm olsaydı, orbit çox geniş olar və donardıq. Əyilmə 3.1 mm olsaydı, hamımız yanaraq ölərdik. 18
Göy cisimlərinin digər xüsusiyyəti də orbitlərindən əlavə, həm də öz oxları ətrafında dövr etməsidir. Quranda "And olsun qayıdan göyə!" (Tariq surəsi, 11) ayəsi isə məhz bu həqiqətə işarə edir. Əlbəttə, Quranın nazil edildiyi dövrdə bəşəriyyət dövrümüzdəki kimi kosmosu milyon kilometrlərlə uzaq məsafələri müşahidə edən teleskoplara, qabaqcıl müşahidə texnologiyalarına, müasir fizika və astronomiya biliyinə malik deyildi. Ona görə, kosmosda "yolları olan göyə and olsun ki" (Zəriyət surəsi, 7) ayəsində bildirildiyi kimi orbitlər olduğunu o dövrdə elmi cəhətdən aşkar etmək qeyri-mümkün idi. Ancaq o dövrdə nazil edilmiş Qurani-kərimdə bu həqiqət bizə açıq şəkildə xəbər verilmişdir, çünki Quran Allah`ın sözüdür.