Quranı oxumaq kifayətdirmi?
Özünü müsəlman adlandıran bir çox insan Allah`ın ondan nə istədiyini, necə həqiqi müsəlman olacağını bilmir. Çünki həyatında bir dəfə də Allah`ın onun üçün nazil etdiyi müqəddəs kitabı oxumamışdır. Halbuki, Allah Quranı insanları nə üçün yaratdığını və onlardan nə istədiyini bilmək üçün endirmişdir. Allah`ı tanımaq, Onu razı edərək cənnətinə getmək istəyən insanlar Quranı çox yaxşı bilməlidirlər.
Ancaq cahil cəmiyyətdə Quran haqqında tamamilə səhv düşünürlər. Bu insanların bəziləri Quranı sadəcə oxuyur, lakin Allah`ın ona verdiyi öyüdləri heç düşünmür, özünə aid etmir, həyatına tətbiq etmir. Quran oxumaq ibadətdir, ancaq Quran Allah`ı tanımaq, Allah`ın istədiklərini öyrənmək və tətbiq etmək üçün oxunar. Bu insanlardan bəziləri Quranın sadəcə dua kitabı olduğunu zənn edir. Dua edərkən Qurandan əzbərlədiyi ayələri mənasını anlamadan oxuyur. Əlbəttə, Quranda Allah peyğəmbərlərin dualarından nümunələr verir və möminlər də bu duaları örnək götürməlidirlər. Ancaq Quranı sadəcə dua kitabı kimi düşünmək yanlışdır.
Allah Quranı möminlərə rəhbər kimi nazil etmiş və Quran açıq-aydın ayələri ilə möminləri qaranlıqlardan nura çıxarır. Quranın bu xüsusiyyətini Allah belə bildirir:
… Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər! (Maidə surəsi, 15-16)
... Bu, elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allah`ın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)
Sözügedən insanların həm də Quranın keçmişdə yaşamış xalqlara göndərildiyini düşünürlər. Halbuki, zamanın keçməsi, texnologiyanın inkişaf etməsi, kosmos və ya kompyuter dövründə yaşamağımız heç nəyi dəyişdirmir. 1400 il əvvəlki insanlar ilə bu gün yaşayan və ya gələcəkdə yaşayacaq insanların həvəs və istəkləri, dünyaya dair düşüncə tərzləri, cahillikləri daima eyni qalır. Hər dövr üçün doğru məlumat mənbəyi isə Qurandır. Allah Qurana tabe olmamaq üçün onun qədimlərin əfsanələri olduğunu iddia edən insanları cəhənnəm ilə xəbərdar edib qorxudur:
Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir" – deyər. Xeyr. Əslində, onların qəlblərini qazandıqları qaplamışdır. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra onlar cəhənnəmə girəcəklər. (Mutaffifin surəsi, 13-16)