İnsanların çoxu ətraflarındakı insanların bir səhvini və ya çatışmazlığını gördükləri zaman refleks olaraq əsəbiləşirlər. Mövzunu ətraflı araşdırmaq əvəzinə, maraqlanmadan qarşı tərəfi haqsız hesab edirlər. Balaca uşaq istəmədən bir qabı sındıranda da böyüklər günahı uşaqda görüb, onu danlamağa başlayırlar. Yetkin bir insan səhv edəndə isə bu insana əsəbiləşməkdə özlərini haqlı sayırlar. Halbuki səhv edən insanın içində olduğu şərait araşdırılsa, çox vaxt bu səhvi qəsdən etmədiyi məlum olar. Nə qədər böyük səhv etsə də, qəsdən etməməsi ona əsəbiləşməmək üçün mühüm səbəbdir.
Əlbəttə, səhvlər xatırladılmalı və düzəldilməyə çalışılmalıdır. Əgər insanın bu səhvi ehtiyatsızlığından, düşüncəsizliyindən, iradəsizliyindən, məsuliyyətsiz davranmasından və ya əhəmiyyət verməməsindən qaynaqlanırsa, bir daha təkrarlanmaması üçün bu mövzuda bütün tədbirlər görülməlidir. Ancaq bu həqiqətlər heç vaxt unudulmamalıdır:
- Əvvəla, bir insana səhv etdirən Allah’dır. Allah dilədiyi üçün o insan səhv hərəkət edir. O insan həmin an qədərində təqdir edilənə tabedir. Bu, kimliyindən asılı olmayaraq, səhv qarşısında əsəbiləşməmək üçün kifayətdir.
- İkincisi, Allah insanı səhv edəcək şəkildə yaratmışdır. Bunu unudub görməməzlikdən gəlmək doğru olmaz. Əlbəttə, hər insan həyatında mütləq kiçik və ya böyük bir çox səhvlər edəcəkdir. İnsan nə qədər tədbirli davransa da, nə qədər iradə göstərsə də, Allah’ın təqdir etdiyi reallığın qarşısını ala bilməz. Buna görə də, səhv edən insana əsəbiləşməmək vacibdir.
- Üçüncüsü, birində səhv gördüyü zaman əsəbiləşən insan özünün də tez-tez səhv etdiyini unutmamalıdır. Onun səhvləri də başqalarını narahat edir. Ancaq insan heç vaxt ona kiminsə əsəbiləşməsini istəmir. Əgər insan özünə qarşı belə rəftar edilməsini istəmirsə, özünü incidən, narahat edən davranışı başqalarına qarşı da etməməlidir. Özü belə vəziyyətdə olanda səbəblərinin olduğunu düşünür və ətrafındakıların ona şəfqətlə, sevgi və anlayışla yanaşmalarını istəyirsə, o da başqalarına eyni münasibəti göstərməlidir.
- Dördüncüsü, Allah insana bağışlamağı, mülayim, şəfqətli və mərhəmətli olmağı əmr etmişdir. Deməli, həyatda hər insanın qarşısına bu əxlaqı göstərməli olduğu insanlar və hadisələr çıxacaq. Əgər insanın ətrafındakı hər kəs mükəmməl və qüsursuz olsaydı, onun bu əxlaqı göstərmək kimi bir məsuliyyəti də olmazdı. Lakin Allah insanları qüsurlu yaratmış və bir-birlərinə qarşı bu əxlaqı göstərərək bir-birlərinin qüsurlarını örtmələrini əmr etmişdir.
İndiyə qədər sadaladıqlarımız səhv edən insana qarşı göstərilməli olan əxlaqi xüsusiyyətlərdir. Digər tərəfdən, səhv edən, ancaq bunu qəsdən və pis niyyətlə etməyən insanı dəyərləndirən zaman bəzi həqiqətlər unudulmamalıdır.
Bir səhvi səhv olduğunu bilə-bilə, qəsdən etmək Quran əxlaqına uyğun olmayan və Allah’ın bəyənmədiyi bir əxlaqdır. Əgər insan vicdanının ona doğrunu göstərməsinə baxmayaraq, şüurlu şəkildə yanlış qərar verirsə, bu, Allah qatında o insana çox böyük məsuliyyət yükləyən bir davranışdır. Belə bir vəziyyətdə insanlar bu şəxsə acıqlanmasalar belə, Allah bu əxlaqın əvəzini ona verəcək. Ancaq, əlbəttə, möminlər də Allah’ın bəyənmədiyi bir davranışa qarşı “Qurani büğz hissi” keçirərlər. Bu da onların imanlarını və Quran əxlaqını yaşadıqlarını göstərər.
- Əgər insan düşünmədiyi, ağlına gəlmədiyi, unutduğu üçün və ya təcrübəsizliyindən, məlumatsızlığından, anlaşılmazlıqdan səhv edərsə, bu halda o insana şəfqətlə, mərhəmətlə və gözəl əxlaqla doğrunu göstərmək lazımdır.
- İnsan səhv edirsə, lakin bu vəziyyətə aydınlıq gətirmək istəyirsə, bu insanı dinləmədən haqqında tez qərar vermək və acıqlanmaq doğru olmaz. Göstərdiyi səbəblər bu insanın səhvinin bağışlanması üçün vacib ola bilər. Bu vəziyyətdə insanın sırf nəfsi təşfiq etdiyi üçün ürəyində həmin insana acıqlanması Quran əxlaqına uyğun olmaz.
- Eyni zamanda, insan qarşısındakı şəxsin sözlərinə əsasən bir qənaətə gələ bilər. Ancaq, əlbəttə ki, qəlbində həqiqətən qəsd olub-olmadığını bilməz. Bu vəziyyətdə də insan Quran əxlaqına uyğun düşünməli, hüsnü-zənn etməlidir. Çünki mömin üçün əsas olan qarşı tərəfin sözü və hərəkətləridir. İnsanların qəlbində olanı isə yalnız Allah bilir. Buna görə də, əgər mömin qarşısındakı insanın səhvinə görə açıqladığı səbəblərdə səmimiyyət və haqlılıq görürsə, ona mütləq etimad göstərməlidir. Bunun nəticəsində də, qəsdən edilməyən səhv olanda o insanı bağışlamaq və mərhəmətlə yanaşmaq lazımdır. Mömin bu vəziyyətə acıqlanmaqdan Allah’a sığınmalıdır.
Lakin hər səhv kimi qəsdən edilməyən yanlış bir hərəkətin də səbəb olacağı maddi-mənəvi zərərlər vardır. Mömin bu vəziyyətdə diqqətini həmin mövzuya yönəltməlidir. Əgər bir insan, qəsdən olmasa da, istəməyərək ətrafına zərər verən bir hərəkət edirsə, mömin bu vəziyyətdə tədbir görməlidir. Bu insanın düşünməməsi, ağlına gəlməməsi, unutması, səhv anlaması kimi halların bir daha yaranmaması üçün lazım olan bütün tədbirlər görülməlidir. Buna baxmayaraq, həmin insan yenə də eyni xarakterdə qalırsa, yaranan təxribatın qarşısını almaq üçün bu insanla daha təmkinli davranmaq lazımdır. Ancaq bu təmkinin səbəbi sadəcə Allah rizası olmalıdır. Mömin bu insanın etdiyi səhvlər ilə ətrafına zərər verməsinin qarşısını almaq üçün (Allah rizası üçün) təmkinli və tədbirli davranar. Ancaq bu acıqla göstərilən bir münasibət olmaz. Müsəlman istəmədən səhv edən insanın acizliyini gördüyü üçün ona qarşı şəfqətlə və qoruma hissi ilə yanaşar.
Həm şəfqət göstərmək, həm də tədbirli davranaraq zərərin qarşısını almaq mömin üçün Quranın verdiyi məsuliyyətdir. Mömin bu əxlaqı, həyatının hər anında göstərdiyi bütün hərəkətlər kimi, ibadət olaraq yerinə yetirər.