Gözəl Mövzular


Özündənrazı şəxs bu xüsusiyyətinin yalnışlığını dərk etməyə bilər. Amma insan özünə qarşı görmək istəmədiyi davranışı başqalarına da göstərməməlidir


Özündənrazı şəxs bu xüsusiyyətinin yalnışlığını dərk etməyə bilər. Amma insan özünə qarşı görmək istəmədiyi davranışı başqalarına da göstərməməlidir

Hər şeyin ən doğrusunu bildiyini düşünən, hər mövzuda önə atılan, çoxbilmişlik edən şəxs özündənrazı sayılır. Bu xüsusiyyətin sahibləri demək olar ki, istənilən mövzuda (məlumatları olmasa belə) fikir irəli sürür, mütləq nə isə deyirlər.

Özündənrazı şəxs özünü dünyanın mərkəzində bilir və özünü mühüm biri sayır. Bütün hadisələrin mərkəzində özünü görür. O olmasa, o danışmasa, o fikir irəli sürməsə, insanların önəmli məlumatlardan məhrum qalacağını düşünür. Buna görə də danışılan hər bir söhbətə qarışmadan dayana bilmir. Bu cür davranış həmin şəxslərdə az qala xəstəliyə çevrilib. Onlara aid olmayan, üstəlik heç bir məlumatları olmayan mövzularda belə ən vacib sözü özlərinin deyəcəklərinə inanırlar. Onlardan heç bir kömək gözlənmədiyi, fikirləri soruşulmadığı, hətta qarışmamaları xahiş olunduğu söhbətlərdə belə özlərinə hakim ola bilmir, hadisələrə müdaxilə etmək istəyirlər.

Bu yanlış əxlaqının daha bir nümunəsi başqalarının asanlıqla cavablayacağı sualları belə daim onlara xatırlatmaları, onlar hələ danışmağa başlamamışdan əvvəl tərpənərək, bunu sanki ilk dəfə özləri kəşf etmiş kimi söyləmələridir. Məsələn: müəyyən bir yerə getməyin iki yolu varsa, aydındır ki, bunlardan biri seçiləcək. Amma özündənrazı şəxs bunu da demədən dayana bilmir. Bu iki yolu, guya, özü kəşf edibcəsinə: “Əvvəl burdan get, o olmasa, onda bu tərəfdən gedərsən” deyir.

Ən maraqlısı da odur ki, bu şəxslər, belə davranmalarına baxmayaraq, ətraflarındakı insanlar tərəfindən sevildiklərini düşünürlər. Danışdıqlarının hamı tərəfindən bəyənildiyini, fikirlərinə əhəmiyyət verildiyini, ətrafdakıların onlardan gələn məlumatlara ehtiyacları olduğunu zənn edirlər. Əgər onlar söhbətlərə qoşulmasalar, fikir irəli sürməsələr, düşüncələrini bildirməsələr, hadisələrin ləngiyəcəyinə, problemin həll olunmayacağına və insanların lazım olanı edə bilməyəcəklərinə inanırlar.

Halbuki, məsələ heç də düşündükləri kimi deyil. Sevilmək bir yana qalsın, özündənrazılıq insanlarda bu şəxsə qarşı nifrət oyadır. Dedikləri həqiqət olsa belə, doğrudan da, vacib məsələni gündəmə gətirsələr belə, insanlar onların mövzuya müdaxilə etmələrindən narahat olurlar. Çünki məsələ yalnız problemin həll edilməsində deyil, bu müddət ərzində göstərilən əxlaq, insanların hüzurlu, rahat mühitdə olmaları da ən az məsələnin həlli qədər önəmlidir. Özündənrazılıq özüylə birlikdə ətrafa gərginlik, hüzursuzluq və narahatlıq gətirir. İnsanlar bu cür mühitdə olmaqdansa, faydalı olsa belə, o şəxsin fikirlərindən imtina edərək hüzurlu mühitdə qarışıq yollarla getməyi seçirlər.

Amma iş orasındadır ki, özündənrazı şəxs hamının açıq-aydın gördüyü bu haldan bixəbərdir. Bu şəxs həyatın öz axarıyla getdiyini, irəli sürdüyü fikirlərlə insanlara kömək etdiyini düşünür. Halbuki, səbəb olduğu narahatlığın verəcəyi faydadan daha çox olduğundan agah deyil.

Belə hallarda bu şəxs unutmamalıdır ki, o olmasa da dünya fırlanacaq, hər şey öz yolunda gedəcək. O olmasa da, problemlər çözüləcək, o olmasa da, insanlar parlaq fikirlər yürüdüb məsələni həll edəcəklər. Hər şey heç də o var olduğu üçün mükəmməl işləmir.

Bunları həmin şəxsə izah etmək üçün ondan ətrafında gördüyü özündənrazı bir adamı təhlil etməsini istəmək lazımdır. O da, təbii ki, lovğalanan, istənilmədən hər işə müdaxilə edən, daim nə barədəsə fikir yürüdüb başqalarına ağıl qoyan, başqalarının düşüncəsini bəyənməyib “hər şeyin ən doğrusunu mən bilirəm” məntiqi olan adamdan narahat olduğunu deyəcək. Amma buna baxmayaraq özünə qarşı gözləmədiyi davranışı, özü də bilmədən, başqalarına göstərir. Nəfsinin bu xüsusiyyəti üzərində dərindən və hərtərəfli düşünmədiyi , özündənrazılığın gətirdiyi nifrəti görmədiyi üçün ətrafındakılara verdiyi narahatlıqdan xəbərsizdir.

Bu həqiqəti həmin insana göstərmək Allahın izniylə bu şəxsin səmimi düşünməsinə, əxlaqının dəyişdirməsinə səbəb ola bilər. Bunu azacıq belə görsə, inşaAllah bütün xarakterini dəyişdirəcək, daha səmimi, daha gözəl əxlaq əldə edəcək.