Bir çox insanların özlərinin də xəbəri olmadan yoluxduqları adsız bir xəstəlik növü var. Bu xəstəlik insanın öz ağlını həddindən artıq bəyənməsi və dünyadakı hər kəsdən, hər şeydən çox öz ağlına etibar etməsindən ibarətdir.
Bu insan ətrafındakı hər hadisəni hamıdan yaxşı qavradığını, hər bir insanı çox yaxşı tanıdığını zənn edir. Bütün mövzularda mümkün ola biləcək ən doğru analizləri özünün etdiyinə inanır. Demək olar ki, tanıdığı hər bir insan haqqında özünə görə müəyyən diaqnozları olur və bunların doğruluğundan tam əmindir. Kim nə deyirsə desin, hadisələrə və insanlara başqa bir aspektdən baxa bilməsi mümkün deyil. Belə olan halda, həmin insana nə qədər sübutlar, nə qədər məntiqli açıqlamalar etsən də, fayda verməz. Çünki bu insan yalnız öz istədiyinə inanır, yalnız öz bildiyi kimi düşünür və onu tətbiq edir. Heç vaxt hadisələrə, insanlara və yaşadıqlarına başqa aspektdən baxmır. Özündən çox əmin olur. Hadisələrin fərqli yönlərinin ola biləcəyinə, münasibətlərin tamamilə fərqli məqsədlər daşıya biləcəyinə ehtimal belə etmir. Hadisələrin özünün görə bildiyi tərəfləri ilə yanaşı, görə bilmədiyi tərəflərinin də ola biləcəyini düşünmür, hadisələr və insanlar haqqında qəti hökmlər verir.
Bu cür insanların başqa bir xüsusiyyəti də, öz mənfəətlərini getdikcə daha çox düşünmələridir. Hər şeyə öz dünyagörüşləri və ön mühakimələri ilə baxdıqları üçün fikirlərinə saxta sübutlar tapmaqda heç bir çətinlik çəkmirlər. Getdikcə özlərindən başqa heç kəsə qulaq asmayacaq və mənəvi cəhətdən heç bir həqiqəti görə bilməyəcək qədər korlaşırlar. Bu mənəvi korluq nəticəsində özlərini yanlış bir yola və təhlükəli sona doğru apardıqlarını dərk etməyəcək hala gəlirlər. Bütün bunların nəticəsində də həqiqi mənada ağıllı olmaq xüsusiyyətlərini itirirlər. Yaxşını pis, pisi yaxşı, gözəli çirkin, çirkini gözəl, doğrunu yanlış, yanlışı doğru qəbul etməyə başlayırlar. Qarşılaşdıqları yaxşılıqların pis niyyətli olduğundan əmindirlər.Yaxud onlara qarşı göstərilən gözəl bir rəftarın ardında başqa bir məqsəd olduğu qənaətinə gəlirlər. Heç bir qüsur tapa bilmədikləri normal bir davranışa isə “süni və təbii olmayan” mənası verirlər. Axirətləri üçün faydalı olan, nəfslərini tərbiyə edən bir münasibəti ədalətsiz, mərhəmətsiz, sevgisiz davranış olaraq xarakterizə edirlər. Daha gözəl əxlaqlı olmalarına vasitəçi olacaq bir hadisəni öz əleyhlərində zənn edir, insanların üzlərinə baxaraq mənalar çıxarır, sırf baxışlarına görə insanlar haqqında mənfi fikirlər formalaşdırırlar. Bunun kimi bir çox hadisələrdə qoyduqları çoxsaylı diaqnozlar var. Ətrafdakı insanlar nə qədər bunun əksini söyləsələr də, onları doğruları görməyə razı sala bilmirlər.
İnsanlar düşdükləri bu vəziyyətin zərərini və təhlükəsini əvvəlcə o qədər də yaxşı qavraya bilmirlər. Halbuki bu xarakter tədbir görülmədiyi təqdirdə insanı dünyada da, axirətdə də bədbəxt edə bilən çox təhlükəli bir xəstəlikdir. Bu, insanı daim yanlış düşüncələrə sövq edən, lazımsız qərarlar verməyə vadar edən, digər insanlardan uzaqlaşdıran, gözəl olan hər şeyi məhv edib korlayan bir dünyagörüşüdür.
Belə vəziyyətdə olan bir insanın edəcəyi ən əsas şey analizlərini, mənfəətlərini bir kənara qoymaqdır. Özünü Allah’a, Qurana, Allah’ın yaratdığı Qədərə (Tale) tam təslim etməli, hər yaşadığı hadisədə Allah’a güvənməli və təvəkkül etməlidir. Quranı əsas götürərək hər analizini Qurana görə etməlidir. İmanlarına və ağıllarına etibar etdiyi möminlərin məsləhətlərinə tam tabe olmalı, ona yönəldilən və Quran əxlaqına əsaslanan istənilən çağırışa qulaq asmalıdır. Ağlına, məntiqinə nə qədər zidd olsa da, bu nəsihətlərə heç bir şəkildə mənfi münasibət bəsləməməlidir.
Digər tərəfdən, insanın öz ağlından bu qədər əmin olmaması, içində olan təkəbbür hissinə görə Allah’dan qorxub çəkinməsi və dərhal Allah’a sığınması lazımdır. Çünki insan Allah’ın verdiyi məhdud ağıla malikdir və çox acizdir. Özündən bu qədər razı olması üçün heç bir səbəbi yoxdur. Belə bir təkəbbür hissi və özündən razılığı şeytanın onu doğru yoldan azdırmasından başqa bir şey deyil. Bu səbəbdən, şeytanın oyununu ən qısa zamanda və ən qəti şəkildə pozmalı, mütləq və mütləq Allah’ın, Quranın və möminlərin tərəfində olmalıdır.
Quranda bəhs edilən “Allah’a qarşı haqsız yerə lovğalanma” ilə əlaqədar ayələri düşünməli, bu əxlaqın gətirə biləcəyi peşmançılıqla dolu bir gələcəkdən Allah’a sığınmalıdır.
Haqsız olaraq yer üzündə təkəbbür göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də, onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”. (Əraf surəsi, 146)
Ayələrimiz onlara oxunduğu zaman, sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!” (Nəhl surəsi, 29)
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırladılarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)