Orqanizmdəki uyğunluq
İnsan orqanizmində müəyyən məqsədlə, yəni bədənin yaşaması üçün bütün sistemlər birlikdə, əlaqədar şəkildə və uyğunluq içində işləyir. Hər gün etdiyimiz çox kiçik hərəkətlər, məsələn, nəfəs almaq, gülmək belə insan orqanizmindəki qüsursuz uyğunluğun nəticəsidir.
Bədənimizdə hər an işləyən, ağlasığmaz dərəcədə mürəkkəb, böyük uyğunluq var. Məqsəd isə həyata təkan verməkdir. Bu uyğunluq xüsusilə orqanizmin hərəkət-dayaq sistemində görünür. Çünki ən kiçik hərəkət üçün skelet, əzələlər və sinir sistemi mükəmməl uyğunluq içində işləməlidir.
Orqanizmdəki uyğunluğun ilkin şərti doğru məlumatın təmin olunmasıdır. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni dəyərləndirmələr edilir. Bunun üçün çox təkmil xəbərçi şəbəkə mövcuddur.
Uzlaşdırılmış hərəkəti etmək hər şeydən əvvəl o hərəkətlə əlaqədar orqanların mövqeyi və bir-biri ilə əlaqəsi bilinməlidir. Bu məlumat beyinə gözlərdən, daxili qulaqdakı müvazinət mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyonlarla məlumat şərh olunur, dəyərləndirilir və bunlara əsasən, yeni qərarlar verilir. İnsanın isə orqanizmində baş verən bu sürətli proseslərdən heç xəbəri olmur. O, ancaq hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu proseslərin həyata keçməsi üçün heç bir səy göstərmir. Məsələn, adi gülümsəmə üçün on yeddi əzələ eyni anda işləməlidir. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirər. Yerimək üçün ayaqlarda, qıçlarda, budda, qasıqlarda və kürəkdə əlli dörd müxtəlif əzələ uyğunluq içində işləməlidir.
Əzələlər və oynaqlarda orqanizmin həmin andakı vəziyyətinə aid məlumat verən milyardlarla kiçik, mikroskopik reseptor var. Bu reseptorlardan gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada şərh olunaraq əzələlərə yeni əmrlər göndərilir.
Orqanizmdəki uyğunluğun mükəmməlliyini bu nümunədən daha yaxşı başa düşmək olar: təkcə bir əlinizi havaya qaldırmaq üçün çiyniniz bükülməli, “biseps” və “triseps” adlanan ön və arxa qol əzələləriniz ardıcıl dartılıb-yığılmalı, dirsəyiniz və biləyiniz arasında yerləşən əzələləriniz biləyinizi çevirməlidir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla reseptor hər an əzələlərin vəziyyətini mərkəzə xəbər verir. Mərkəzdən də əzələlərə bir an sonra nə etməli olduqları bildirilir. Təbii ki, insan bunların fərqində olmur, ancaq əlini qaldırmaq istəyir və qaldırır.
Məsələn, orqanizmin dik dayanması, ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda yerləşən milyardlarla reseptordan gələn məlumat dəyərləndirilir və bu əmrlərin hamısı hər saniyə əzələlərə ötürülür.
Danışmaq üçün də xüsusi səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı açıqlıqda, nə qədər titrəməli olduğunu, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansının, hansı ardıcıllıqla neçə dəfə titrəməsini, hansı nisbətdə gərilib-boşalmasını, ciyərlərimizə neçə kub santimetr hava alıb, bu havanı hansı sürət və fasilələrlə boşaltmalı olduğumuzu oturub hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bircə sözün əmələ gəlməsi, insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərdən sümüklərinə qədər bir çox orqanın uyğunluq içində fəaliyyətinin nəticəsidir.
Bu uyğunluqda bir çatışmazlıq olarsa, nələr baş verərdi? Gülümsəmək istəyərkən üzümüzdə başqa ifadə əmələ gələr və ya danışmaq istədikdə bunu bacarmazdıq, yeriyə bilməzdik. Halbuki, nə vaxt istəsək, gülürük, danışırıq, yeriyirik, heç bir çatışmazlıq olmur. Çünki burada izah edilən hər şey sonsuz qüdrət tələb edən yaradılış nəticəsində baş verir.
Bu səbəbdən, insan həmişə bütün həyatına və varlığına görə onu yaradan Allah`a borclu olduğunu bilməlidir. İnsanın öyünməli, qürrələnməli heç nəyi yoxdur. Gücü, sağlamlığı və ya gözəlliyi öz əsəri deyil, ona əbədiyyən də verilməyib. Mütləq yaşlanacaq, sağlamlığını və gözəlliyini itirəcək. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:
Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?! (Qəsəs surəsi, 60)
Əgər bunların daha üstününü əbədiyyən axirətdə əldə etmək istəyirsə, Allah`ın ona verdiyi nemətə şükür etməli və Onun istədiyi kimi yaşamalıdır.
Bu misallardan da göründüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı möcüzəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri təhlil etdikdə insan varlığının nə qədər incə hesablamalara əsaslandığını və yaradılışındakı möcüzələri görər və Allah`ın sonsuz elmini və insan üzərindəki qüsursuz sənətini daha yaxşı qavrayar.