Gözəl Mövzular


Kainatdakı incə əyar


Kainatdakı incə əyar

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

Məgər Allah`ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? (Nuh surəsi, 15)

O Allah ki, göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir. (Furqan surəsi, 2)


Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə işləyən cihaz olduğunu və bunlardakı qüsursuz nizam və müvazinəti yaradanını təsadüflər olduğunu irəli sürür. Ancaq dövrümüzdə materializmin və onun "elmi" təməli olan darvinizmin əsassızlığı elmi cəhətdən sübut edilmişdir (bax: Harun Yahya, Evrim aldatmacası, Araştırma yayıncılık, Harun Yahya, Hayatın gerçek kökeni, Araştırma yayıncılık).

XX əsrdə bir-birinin ardınca edilən elmi kəşflər həm astrofizika, həm də biologiya sahəsində kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən darvinizmin təməlləri çökərkən digər tərəfdən də kainatın yoxdan yaradıldığını sübut edən Big Bang nəzəriyyəsi və maddi dünyada böyük dizayn və həssas ölçü (fine tuning) olduğunu aşkar edən kəşflər materializmin iddialarının əsassızlığını bir daha göstərdi.

Həyatın əmələ gəlməsi üçün lazım olan şərtlərə baxdıqda təkcə Yerin bu cür xüsusi mühitə malik olduğunu görürük. Həyat üçün əlverişli olan bu mühiti təmin etmək üçün saysız-hesabsız şərt eyni anda, daima mövcud olmalıdır. Kainatda təqribən 100 milyard qalaktika və hər birində təxminən 100 milyard ulduz və bir o qədər planet olduğunu düşünsək, Yerdə bu qədər müstəsna mühitin əmələ gəlməsinin əhəmiyyəti məlum olar. 9

Big Bangin partlayış sürətindən atomların fiziki müvazinətlərinə, dörd əsas qüvvənin nisbətindən ulduzlardakı kimyəvi proseslərə, Günəşin yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən atmosferdəki qazların nisbətinə, Yer ilə Günəş arasındakı məsafədən Yerin oxunun mailliyinə, Yerin öz oxu ətrafında fırlanma sürətindən Yerdəki okeanların dağların funksiyalarına qədər hər detal bizim həyatımız üçün uyğundur. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini antropik prinsip (Anthropic Principle) və incə ölçü (fine tuning) anlayışları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nəzarətsiz, təsadüfi maddə yığını olmadığını, əksinə, insanın həyatı üçün, xüsusi məqsədlə, həssas şəkildə dizayn edildiyini göstərir.

Yuxarıdakı ayələrdə Allah`ın yaratmasındakı ölçü və ahəngə diqqət çəkilir. "Furqan" surəsinin 2-ci ayəsində ölçüb-biçmək, nizamlamaq, ölçü ilə etmək mənasını verən "təqdir" sözü, "Mülk" surəsinin 3-cü ayəsi ilə "Nuh" surəsinin 15-ci ayəsində isə "uyğunluq" mənasını verən "tibaqa" sözü işlədilmişdir. Bundan əlavə, Allah "Mülk" surəsində ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq mənalarını verən "təfavutin" sözü ilə uyğunsuzluq axtaranın ziddiyyət tapmayacağını bildirir.

XX əsrin sonlarına doğru işlədilməyə başlayan həssas ölçü (fine tuning) ifadəsi bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 il ərzində bir çox elm adamı kainatın təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi (bax: Harun Yahya, Evrenin yaratılışı, Araştırma Yayıncılık; Harun Yahya, Mucizeler zinciri, Araştırma Yayıncılık) . Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi dizayn olunduğunu göstərir. Fizik dr. Karl Gibeson bu həqiqəti belə ifadə edir:

Son 40 ildir ki, fizika və kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı üçün "həssaslıqla nizamlanmış"kainatın örtüyünü açdılar. Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik amillərlə bağlı olduğunu kəşf etdilər. 10

İngilis astrofizik prof. Corc F. Ellis (George F. Ellis) bu həssas ölçüdən belə bəhs edir:

(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir. 11

Big Bangin partlayış sürəti

Kainatın əmələgəlmə anı olan Big Bangdə qurulan tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərən dəlillərdən biridir. Avstraliyadakı Adelaide Universitetindən məşhur riyazi fizika professoru Pol Deyvisin (Paul Deyvis) fikrincə, Big Bangin ardınca baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir faiz (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. 12 Stefan Houkinq (Stephen Hawking) də "Zamanın qısa tarixi" adlı əsərində kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti belə qəbul edir:

Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı, kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi. 13

Dörd qüvvə

Bu gün müasir fizikanın qəbul etdiyi dörd əsas qüvvənin – yerin cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsi – qarşılıqlı əlaqəsi və müvazinəti sayəsində kainatdakı bütün fiziki hərəkətlər və formalar meydana gəlir. Bu qüvvələr bir-birilərindən həddindən artıq fərqli ölçülərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton (Michael Denton) bu qüvvələr arasındakı həssas müvazinəti belə açıqlayır:

Əgər yerin cazibə qüvvəsi bir trilyon dəfə güclü olsaydı, onda kainat daha kiçik olardı və ömrü də daha qısa davam edərdi. Orta ölçülü bir ulduzun kütləsi hal-hazırkı Günəşin kütləsindən bir trilyon dəfə kiçik olar və bir il yaşayardı. Digər tərəfdən, əgər yerin cazibə qüvvəsi bir az zəif olsaydı, heç bir ulduz və ya qalaktika əsla əmələ gəlməzdi. Digər qüvvələr arasındakı tarazlıqlar da çox həssasdır. Əgər güclü nüvə qüvvəsi bir az zəif olsaydı, onda kainatdakı yeganə sabit element hidrogen olardı. Başqa heç bir atom olmazdı. Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən bir az güclü olsaydı, onda da kainatdakı yeganə sabit element nüvəsində iki proton olan bir atom olardı. Bu vəziyyətdə kainatda heç bir hidrogen olmaz və ulduzlar, qalaktikalar əmələ gəlsələr də, hal-hazırkı formalarından çox fərqli olardılar. Açıq desəm, əgər bu əsas qüvvələr və amillərin hal-hazırkı tam dəyərləri olmasa, heç bir ulduz, supernova, planet və atom olmazdı. Həyat da olmazdı. 14

Göy cisimlərinin arasındakı məsafələr

Göy cisimlərinin kosmosdakı yeri və aralarındakı nəhəng boşluqlar Yerdə canlı həyat üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyata dəstək olan bir çox universal qüvvə ilə uyğunluq içində nizamlanıblar. Maykl Denton "Təbiətin taleyi" (Nature's Destiny) adlı kitabında supernovalar və ulduzlar arasındakı məsafədəki tarazlıqları belə açıqlayır:

Supernovalar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox kritik məsələdir. Qalaktikamızda ulduzlar arasındakı məsafə 30 milyon mildir. Əgər bu məsafə daha çox olsaydı, bir supernovanın yaydığı maddə o qədər səpələnərdi ki, bizim qalaktikamıza bənzər sistemlər əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, supernova partlayışları müəyyən ölçüdə baş verməli və bu partlayışlar digər bütün ulduzlar arasındakı məsafə ölçülü müəyyən ölçüyə tabe olmalıdır. Bu məsafə məhz indiki mövcud məsafədir. 15

Yerin cazibə qüvvəsi

• Əgər daha güclü olsaydı, dünyanın atmosferi həddindən artıq ammonyak və metan ehtiva edər, bu da həyatı qeyri-mümkün edərdi.

• Əgər daha zəif olsaydı, dünyanın atmosferi çox su itirər, yenə həyat qeyri-mümkün olardı.

Günəşlə Yer arasındakı məsafə:

• Əgər daha uzaq olsaydı, planetimiz çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir edər və planetdə buzlaşma baş verərdi.

• Əgər daha yaxın olsaydı, planet yanar, atmosferdəki su dövranına mənfi təsir edər və həyat qeyri-mümkün olardı.

Yer qabığının qalınlığı:

• Əgər daha qalın olsaydı, atmosferdən Yer qabığına daha çox oksigen ötürülərdi.

• Əgər daha nazik olsaydı, həyatı qeyri-mümkün edən çoxlu sayda vulkanik hərəkətlər olardı.

Yerin öz oxu ətrafında fırlanma sürəti

• Əgər daha yavaş olsaydı, gecə-gündüz arasındakı temperatur fərqi çox yüksək olardı.

• Əgər daha sürətli olsaydı, atmosfer küləkləri çox sürətli olar, qasırğalar və tufanlar həyatı qeyri-mümkün edərdi.

Yerin maqnit sahəsi:

• Əgər daha güclü olsaydı, çox güclü elektromaqnit fırtınaları olardı.

• Əgər daha zəif olsaydı, günəş küləyi adlanan və Günəşdən yayılan zərərli zərrəciklərə qarşı Yerin müdafiə qatı olmazdı. Hər iki halda, həyat mümkün olmazdı.

Albedo təsiri (Yer üzü tərəfindən udulmayan, əks olunan günəş işığı):

• Əgər daha çox olsaydı, sürətlə buzlaşma baş verərdi.

• Əgər daha az olsaydı, istixana effekti isinməyə səbəb olar, əvvəlcə aysberqlərin əriməsi ilə Yeri su basar, daha sonra Yer yanardı.

Atmosferdəki oksigen və azot nisbəti:

• Əgər daha çox olsaydı, həyati funksiyalar sürətlənər və mənfi təsir edərdi.

• Əgər daha az olsaydı, həyati funksiyalar zəifləyərdi.

Atmosferdəki karbondioksid və su nisbəti:

• Əgər daha çox olsaydı, atmosfer çox isinərdi.

• Əgər daha az olsaydı, atmosferin temperaturu aşağı düşərdi.

Ozon təbəqəsinin qalınlığı:

• Əgər daha çox olsaydı, Yer üzünün temperaturu çox düşərdi.

• Əgər daha az olsaydı, Yer üzü həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı müdafiə olmazdı.

Seysmik hərəkətlər (zəlzələlər):

• Əgər daha çox olsaydı, canlılar məhv olardı.

• Əgər daha az olsaydı, okeanın dibindəki qida maddələri suya qarışmaz, bu, okean və dənizlərdəki həyata, eləcə də yer üzünün bütün canlılarına mənfi təsir edərdi.

Yerin oxunun mailliyi

Yerin oxu orbitinə 23 dərəcə mailidir. Fəsillər bu maillik nəticəsinə əmələ gəlir. Bu maillik indiki dəyərindən daha çox və ya daha az olsaydı, fəsillər arasındakı temperatur fərqi həddindən artıq olduğuna görə, yer üzündə yaz çox qızmar və qış çox şaxtalı olardı.

Günəşin ölçüsü:

Günəşin yerində daha kiçik ulduzun olması Yerin həddindən artıq soyumasına, böyük ulduzun olması isə Yerin istidən yanmasına səbəb olardı.

Ay ilə Yer arasındakı cazibə qüvvəsi:

• Əgər daha çox olsaydı, Ayın güclü cazibə qüvvəsi atmosferə, Yerin öz oxu ətrafındakı fırlanma sürətinə və okeanlardakı qabarma-çəkilmələrə çox güclü təsir edərdi.

• Əgər daha az olsaydı, güclü iqlim dəyişikliklərinə səbəb olardı.

Ay ilə Yer arasındakı məsafə:

• Əgər daha yaxın olsaydı, Ay Yerlə toqquşardı.

• Əgər daha uzaq olsaydı, Ay kosmosda itib gedərdi.

• Əgər indikindən bir az uzaq olsaydı, Ayın Yer üzündə meydana gətirdiyi qabarma-çəkilmələr təhlükəli ölçülərdə olardı. Okean dalğaları qitələrin alçaq yerlərini örtərdi. Nəticədə, üzə çıxan sürtünmə okeanların temperaturunu artırar və Yerdə həyat üçün lazım olan həssas müvazinət yox olardı.

• Əgər indikindən bir az yaxın olsaydı, qabarma-çəkilmələr azalar və bu da okeanların daha hərəkətsiz olmasına səbəb olardı. Durğun su dənizlərdəki həyatı təhlükəyə salar və bununla nəfəs aldığımız havadakı oksigenin miqdarı da təhlükə ilə üzləşərdi. 16

Yerin temperaturu və karbon əsaslı həyat:

Həyatın əsası olan karbon elementinin varlığı müəyyən ölçüdə olan temperatura bağlıdır. Karbon amin turşusu, nuklein turşusu və zülallar kimi həyatı təşkil edən əsas üzvi molekullar üçün lazımlı maddədir. Ona görə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud temperatur ən az -20°C, ən çox +120°C olmalıdır. Yerin temperaturu da məhz bu intervaldadır.

Burada sadalananlar Yerdə həyatın əmələ gəlməsi və davam etməsi üçün lazım olan çox həssas müvazinətlərin bir neçəsidir. Ancaq burada sadalananlar belə kainatın və Yerin təsadüflər nəticəsində, təsadüfi hadisələrin ard-arda gəlməsi ilə əmələ gəlmədiyini qəti sübut etmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlayan incə ölçü, antropik prinsip anlayışları Quranda əsrlər əvvəl bildirilmiş ahəng və ölçü ilə yaradılışı təsdiq edir.