Gözəl Mövzular


İnsanın həyatındakı ani dəyişikliklər, sürprizlər, gözlənilməz eniş-yoxuşlar xüsusi yaradılan gözəlliklərdir


İnsanın həyatındakı ani dəyişikliklər, sürprizlər, gözlənilməz eniş-yoxuşlar xüsusi yaradılan gözəlliklərdir

Bəzi insanlar çox sakit və nizamlı şəkildə yaşamaq istəyirlər. Ani və sürpriz hadisələrlə qarşılaşmadan, böyük eniş-yoxuşlar yaşamadan həyatlarının sonuna qədər alışdıqları kimi yaşamağı xəyal edirlər.

İnsanların bu seçimlərinin səbəbi isə özləri üçün bunun ən yaxşı olduğunu zənn etmələridir. Həyatları nə qədər nizamlı və nə qədər sakit olsa, alışdıqları nizam nə qədər az pozulsa, o qədər xoşbəxt olacaqlarını sanırlar.

Halbuki, bu, insana həmişə fayda verməz. Bəzən insanın həyat tərzindəki sabitlik adama ümid etdiyi faydanı təmin etməz. Əksinə, həyatındakı ani, sürpriz hadisələr, böyük eniş-yoxuşlar bu şəxs üçün əsl qazanc olar.

İnsan məhdud ağıla sahib olduğu üçün özünə fayda verən şeyin nə olduğunu bilməz. Amma Allah sonsuz ağıl sahibidir. Allah dünya həyatındakı eniş-yoxuşları, bəzən çətinlik, yoxluq və ya xəstəlik kimi əskiklikləri, bəzən də nemət artımlarını böyük hikmətlə yaradır.

İnsanın ruhu sakitliyi, alışdığı kimi yaşamağı, böyük sürprizlərlə qarşılaşmadan, planlaşdırdığı kimi yaşamağı sevər. Əlbəttə, bu şərtlərin insana təmin etdiyi müəyyən rahatlıq vardır. Ancaq sakitliyin, sabitliyin, nizamın və təkrarlanan həyat tərzi içərisində yaşamağın zərərləri də vardır.

İnsanın vərdişlərindən kənara çıxmadan yaşamaq istəyi zəkasından, ağlından, vicdanından, iradəsindən minimum istifadə etmə ehtiyacından irəli gəlir. Belə bir həyat tərzi sürən insan düşünmədən, risk etmədən, sınayıb yanılmadan, əzbərlədiyi və dəfələrlə test edib təsdiqlədiyi qaydalar içərisində ən az səhv edəcək şəkildə yaşamaq imkanı əldə etmiş olur.

İnsanın həyatında meydana gələn ani dəyişikliklər, sürprizlər, gözlənilməz eniş-yoxuşlar isə insanın ağlından maksimum istifadə etməsini tələb edən vəziyyətlərdir. Düşünmək, ani və ağıllı qərarlar vermək, şərtlərin dəyişməsi üçün lazım olan tədbirləri tapıb tətbiq etmək, risk edib cəsur və qətiyyətli davranmaq, həyati cəhdlər etmək bu cür vəziyyətlərdə zəruri ehtiyac halını alır. Normal ağıla sahib olan bir insanın çətinliklər qarşısında laqeyd və sakit davranması mümkün deyil. Adam istər-istəməz olduğu vəziyyətdən, üzləşdiyi maddi və ya mənəvi çətinliklərdən xilas olmağın yollarını axtarmağa başlayır.

Məhz o anda bir çox insan bəlkə çox əhəmiyyətli bir gerçəyin fərqinə varmır. Ancaq çətin şərait, nizamını pozan, vərdişlərini tərk etməsinə səbəb olan, onu yaşadığı sakit həyatdan uzaqlaşdıran ani hadisələr, əslində, onun üçün yaradılmış çox böyük nemətlərdir.

Çünki insanın ruhu özbaşına buraxılanda öz-özünə inkişaf edən quruluşa sahib deyil. Həqiqətən, səbirlə, iradə ilə səy göstərəndə bir irəliləyiş baş verə bilər.

Allah’ın bir insanın həyatında yaratdığı sürprizlər, ani enişlər, sürpriz yüksəlmələr, zəruri dəyişikliklər insanın çox sürətli irəliləməsinin əhəmiyyətli və təsirli yoludur. İnsan özünü nə qədər öyrətmək və inkişaf etdirmək istəsə də, öz-özünə həyatında belə gözlənilməz dəyişikliklər meydana gətirə bilməz. Amma bu cür şəraitlərdə yaranan təbii çətinlik adamı gücündən maksimum istifadə etməyə məcbur edər. Bu səbəbdən, o an üçün adamın nəfsinin xoşuna gəlməsə, ya da həqiqətən çox çətinlik çəksə belə, qarşısına çıxan bu hadisələr onun üçün böyük bir nemətə çevrilər.

İnsan daxildən və ya xaricdən bir təzyiqlə qarşılaşmadığı müddətcə çox çətin dəyişər. Bir insan belə bir dəyişiklik etməsi üçün çox ciddi iradə göstərməlidir. Ciddi şəkildə vicdanla və ağılla davranmalı, çox səbirli olmalıdır. Məhz Allah’ın imtahanın tələbi olaraq həyati dəyişikliklər insana bu mövzuda böyük asanlıq təmin edər. İnsanın şəxsiyyətində sürətli dəyişikliklərin və inkişafın yaşamasına vəsilə olar.

Bu səbəblə, insan həyatında həmişə alışdığı şeyləri axtarmaq və əskikliklər olduğunda bundan narahat olmaq yerinə, Allah’ın yaratdığı dəyişikliklərdə xeyir və hikmət görməli, bunlardakı gözəllikləri tutmağa çalışmalıdır.

Məsələn, bir insan işinə, qohumlarına, dostlarına və ya məktəbinə çox yaxın bir səmtdə yaşayar və qurduğu bu mükəmməl nizamdan və bunun özünə təmin etdiyi asanlıq və rahatlıqlardan ötrü çox xoşbəxt ola bilər. Ani bir zərurət nəticəsində buradan köçmək məcburiyyətində qalanda, bir çox mövzuda alışdığı rahatlığı itirəcəyi və müxtəlif çətinliklər yaşayacağı üçün narahat olar. Halbuki yeni köçəcəyi yer onun üçün xüsusi yaradılmışdır. Orada onu gözləyən xüsusi hadisələr, yeni dostluqlar, yeni inkişaflar vardır. Allah orada ona "heç ümid etmədiyi bir yerdən ruzi verəcək, bərəkətləndirəcək, inkişaf etdirəcək və nemətləndirəcək". Ya da bunun əksi olacaq və adam əvvəl heç qarşılaşmadığı çətinliklərlə üzləşmək məcburiyyətində qalacaq. Amma bu çətinlik nəticəsində şəxsiyyəti inkişaf edəcək, əskik olduğu bir çox mövzuda özünü düzəltmək imkanı əldə edəcək və yeni xüsusiyyətlər, yeni qabiliyyətlər qazanacaq.

Ya da çox susqun, qapalı olan, insanlarla ünsiyyət qura bilməyən, rahat davrana bilməyən bir adam çıxış yolunu öz halında yaşamaqda və lazım olmadıqca heç kimlə ünsiyyət qurmamaqda tapır. Qurduğu bu nizam içərisində həm rahatlanır, həm də risk etməkdən xilas olur. Məktəbində, ya da iş yerində belə bir adama insanlarla bir-bir ünsiyyət qurmağı tələb edən bir vəzifə veriləndə, o adam başına böyük bir fəlakət gəldiyini düşünə bilər. Həqiqətən də bu, onun kimi bir insan üçün böyük problem və çətinlikdir. Amma bu adam ancaq bu cür şəxsiyyətini dəyişdirə bilər. Öz halına buraxılsa və alışdığı sakit həyat tərzinə davam etsə, həyatının sonuna qədər özünü dəyişdirməyəcək, susqun və qapalı insan olaraq qalacaq.

İnsan bunların heç birini bilməz. Amma Allah hamısını və hər şeyi bilər. Və insan üçün ən gözəlini yaradar. İnsan Allah’a çox güvənməli və nə olursa olsun, dünyanın ən böyük əskikliyi, ən böyük çətinliyi də olsa, hamısında minlərlə xeyir və hikmət gizləndiyini bilməlidir. Bu gerçəyin şüurunda olanda Allah ona dünyadakı və axirətdəki hər şeyin ən gözəlini yaşadacağını vəd etmişdir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazır­­lanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)
... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)