Hər bir insanın dünya həyatında reallaşmasını arzuladığı şeylər var. Bəzisi üçün bu hadisələrin reallaşması çox yaxın, imkanları da bunun meydana gəlməsi üçün çox uyğundur. Bəzi insanların çox böyük bir istəklə arzuladıqları hadisələrin reallaşması isə -Allahın diləməsi xaricində- çox çətin görünür.
Bu insanların əllərindəki maddi-mənəvi imkanlar və yaşadıqları şərtlər, arzuladıqları hadisələrin reallaşmasına uyğun deyil. Məsələn, yaşlı bir insan nə qədər geri dönüb gənc yaşında olmağı arzulasa da -Allahın adətullahına əsasən- dünya həyatında bu, Allah bir möcüzə yaratmadığı müddət boyu mümkün deyil.
Ancaq imkanları, istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da, olmayanlar da eyni dərin ehtirasla xəyallarının reallaşmasını istəyirlər. Lakin insanın dünya həyatında istədiyi hər şey ən mükəmməl şəkildə reallaşsa da, həyatının sonuna qədər reallaşmasa da insanların qətiyyən unutmamalı və çox yaxşı düşünməli olduqları bir həqiqət var:
Bütün istədiklərini əldə edənlər də, heç birini əldə edə bilməyənlər də bu dünyada çox qısa bir müddət yaşaya biləcəklər...
Dünya həyatı bir göz qırpımı kimi keçəcək və insanların əldə etdikləri xoşbəxtliklər də sürətlə tükənib bitəcək...
Buna görə də insan bütün diqqətini yalnız istəklərinin reallaşıb reallaşmamasına deyil, sonsuz axirət həyatını qazana biləcək bir əxlaqda olub olmadığına verməlidir. Çünki insanın bütün istəkləri tam xəyal etdiyi şəkildə qüsursuzca reallaşsa belə bundan alacağı xoşbəxtlik bir neçə on ili aşmayacaq. Sonunda mütləq bu nemətlər əlindən gedəcək, ölümlə birlikdə sahib olduğu hər şey geridə qalacaq. Arzu etdiyi bütün gözəllikləri axirətdə əldə etməyi hədəfləyən insan isə bu xoşbəxtliyi sonsuzadək, dilədiyi qədər yaşaya biləcək.
Böyük İslam alimi İmam Qəzali bu mövzuda insanlara belə xəbərdarlıq etmişdir:
"... Dünyadakı hökmdarların rütbələri onların sahib olduqları mövqelərin yanında kiçik və sönük qalır, onlarla müqayisə belə edilə bilməz! Axirət sultanlığı haqqında Cənabı Haqq belə buyurar:
"Orada hara baxsan nemət və böyük bir mülk görərsən..." (İnsan Surəsi, 20)
"Cənabı Haqqın böyük bir səltənət dediyi axirət mülkünü sən də uca tut! Sən də çox yaxşı bilirsən ki dünya və içindəkilər çox az və dəyərsiz şeylərdir. Həyat qısa, dünyadakı nemətlərin davamı qısa və çox az bir müddətdir. Sonra bizlər bu azın azını əldə etmək və az bir müddət ondan yararlanmaq üçün canımızı və malımızı səfərbər edirik. Bir qismimiz bunu əldə edir, bir qismi əldə edə bilmir, əldə edənlərə qibtə edir. Onu əldə etmək üçün canını və malını təhlükəyə atdığına heç baxmırlar." (İmam Qəzali, Cənnətə Doğru, (Yeddi Keçid), Minhacü'l-Abidin, sf. 319)
"... Bunu bilməlisən: Bu dünya heç vaxt baqi deyil. Ya sən onu tərk edəcəksən, ya da o səni tərk edəcək! Hz. Həsən (r.ə.) deyir ki: "Dünya nemətləri davam etsə də sənin həyatın bir gün sona çatacaq. O halda dünya həyatı arxasında qaçmanın və çox qiymətli ömrünü onun yolunda xərcləmənin nə mənası var?" (İmam Qəzali, Cənnətə Doğru, (Yeddi Keçid), Minhacü'l-Abidin, sf. 145)
İnsanın qısa bir müddət bu həqiqəti düşünməsi və bu müqayisəni etməsi çox əhəmiyyətlidir. Öz-özünə bir qərar verməli, yalnız dünyadakı gözəllikləri əldə etməyi özünə məqsəd etmənin insana heç bir faydası olmayacağını görməlidir. Allah diləsə insana dünyada da nemət verə bilər və bu həmin insan üçün çox böyük lütf olar. Amma insanın bunu “olmazsa olmaz” bir hədəf halına gətirərək, bütün hüzuru, xoşbəxtliyi, sevinci üçün bunu sanki şərt qoşması çox böyük bir qəflət və səhvdir. İnsan arzu etdiyi bütün gözəllikləri Allahdan dünyada və axirətdə özünə lütf etməsini diləməli, ancaq təqdiri Rəbbimizə buraxaraq özünə verilənlərlə xoşbəxt olmalıdır. Ancaq əhəmiyyətli olan bu xoşbəxtliyi də yalnız səthi xoşbəxtlik olaraq deyil, sonsuz həyatında Allahın özünə bütün dilədiklərini verə biləcəyi ümidinin, səmimi xoşbəxtliyi olaraq yaşamasıdır.
Lakin bu da unudulmamalıdır ki, əlbəttə ki insanın axirəti yalnız sonsuz yaşaya bilmək və orada hər istədiyini sonsuza qədər əldə edə bilmək üçün istəməsi ona heç bir şey qazandırmayacaq. İnsanın əsl hədəfi Rəbbimizin sevgisini, Onun dostluğunu qazanmaq və sonsuza qədər Allahın məmnun olduğu insanlardan olaraq yaşaya bilmək olmalıdır. Allaha qarşı bu cür güclü sevgisi olan bir insana Allah nemətini sərhədsiz olaraq lütf edəcək. Amma Allah sevgisi olmadan və Allah sevgisi əsl hədəf olmadan bu nəticənin meydana gəlməsi mümkün deyil. İmam Qəzali Allahın razılığı və sevgisinin nə qədər qiymətli olduğunu və Allahın razılığını seçən bir insanın nə qədər böyük mükafatlara layiq görüləcəyini aşağıdakı örnəklə izah etmişdir:
“Bir insanın çox qiymətli və gözəl ləl-cəvahiratı olduğunu düşünək. Bunu baha qiymətə satması mümkün ikən aparıb bir neçə qəpiyə satsa, bu hərəkət o adam üçün böyük bir zərər və böyük bir aldanış olmazmı? Eyni zamanda bu hərəkət himmətinin (əməyinin) aşağılığına, görüşünün zəifliyinə və ağlının qıt olduğuna dəlalət etməzmi?
Beləliklə bir qulun aləmlərin Rəbbindən alacağı razılıq, mükafat, tərif və savab ilə kifayətlənməyərək bunun yanında insanlardan əldə edəcəyi tərif və dünyalıqlar, milyonlara hətta dünya və içindəkilərdən daha çoxuna nisbətlə bir qəpik qədər belə dəyər ifadə etməz. O halda, bu dəyərsiz dünyalıqlar qarşılığında Allah Təalanın Uca və qiymətli ikramlarını itirmək açıq-aşkar bir aldanış deyilmi?
Əgər bu dəyərsiz dünyalıqlar sənə mütləq lazımdırsa, sən yenə də axirətə yönəl, görəcəksən ki, dünya da arxasından gələcəkdir. Sən yalnız Rəbbinin razılığını tələb et, o da iki dünyanın da sahibi olan Uca Şəxsdir. Rəsulullah (s.ə.v.) də belə buyurur: "Şübhəsiz ki, Allah Təala axirətə aid bir əməl qarşılığında dünyalıq verər, lakin dünyalıq bir əməl qarşılığında axirəti verməz!" (Suyuti, Münavi)
Elə isəəməlləri xalis niyyətlə sırf Allah rızası üçün edən və himmətini (əməyini) axirəti qazanmaq üçün sərf edən kimsə həm dünyasını və həm də axirətini xoş etmiş (inkişaf etdirmiş) olar. Əgər dünyaya yönəlsə axirətini itirdiyi kimi bəlkə də arzu etdiyi dünyalıqlara da nail ola bilməz (sahib ola bilməz). Nail olsa (sahib olsa) belə o dünyalıqlar əlində baqi qalmaz. Sonunda həm dünyada, həm də axirətdə hüsrana uğrayanlardan olar. (İmam Qəzali, Cənnətə Doğru (Yeddi Keçid) Minhacü'l-Abidin s. 264-265)