Gözəl Mövzular


"İncimə mədəniyyəti"nin alçaldıcı tərəflərini görmək...


İnsan uşaqlıqdan vərdiş etdiyi bir davranışı dəyişdirməyə çalışmasa, o davranış həyatı boyu davam edər. Cəmiyyətdə səhv olub-olmadığı araşdırılmadan qəbul edilən bir çox vərdiş də insanlar arasında bu yolla yayılır.

Cəmiyyətdə “incimək” adlandırılan davranış vərdiş halını almış xasiyyətlərdən biridir. Xüsusən də, insanlar baş verən hadisədən sonra “inciməli” olduqlarına inanırlarsa, bu davranışda heç bir problem görməzlər.

Bəlkə də bir çox insan bu yanlış davranış formasına əvvəllər başqa tərəfdən baxmayıb. Çünki bir tərəfdən baxanda sadəcə səhv davranış kimi görünən “incimə”, digər tərəfdən baxanda alçaldıcı davranış forması kimi görünür.

Əvvəlcə, insan bunu düşünməlidir: Həqiqətən də onu narahat edən bir hadisə baş versə belə, insanın birdən-birə əsəbiləşməsi, qaşlarını çatması, üzünü turşutması, danışıqlarında və hərəkətlərində pozuqluqlar meydana gəlməsi normaldırmı? Möhkəm xarakterə sahib olan insanın adi hadisə qarşısında belə bir anda o möhkəm xarakterini itirib bu qədər acizləşməsi məqbuldurmu? Bir sözlə, belə vəziyyətdə özünü itirməsi, xarakterinin pozulması, özünənəzarəti itirməsi təəccüblü deyilmi? Belə bir insanın möhkəm xarakterə sahib olduğu deyilə bilərmi? Ya da belə bir insana güvənmək olarmı? Əlbəttə ki, bunlar insanda hələ möhkəm xarakterin formalaşmadığını göstərir. Bu davranışa təslim olmaq, kiçik bir hadisə ilə qarşılaşanda “incimək” alçaldıcı bir hərəkətdir.

İnsanın “incimə” kimi zəif əxlaqdan qaynaqlanan davranışın acizliyini və alçaqlığını görməsi üçün istifadə edilən metodlardan biri də bu cür xüsusiyyətə sahib olan insanları müşahidə etməkdir. Çünki insan sahib olduğu əskikləri ancaq özünə “kənardan baxdığı” zaman görə bilər. Üstəlik, insan doğruluğuna inandığı davranışlarındakı əskiklərin də fərqinə varmaya bilər. Ancaq başqa insanı obyektiv şəkildə analiz edə və onda olan əskikləri görə bilər. Bu cür yanaşma insanın özündə olan əskikləri də görməsi üçün çox yararlı olur.

Diqqətlə baxdıqda, yetişkin bir insanın hələ də şəxsiyyətinin tam formalaşmaması və bəzən uşaq kimi davranması və iradəsizlik etməsi çox qəribə görünür. Heç kim kənardan baxanda gördüyü əskik xüsusiyyətli bir insan kimi olmaq istəməz.

Üstəlik, bu cür insanlar ancaq səhv hərəkətlə qarşılaşdıqları zaman yox, həm də normal davranışda da küsəyənliklərindən çəkinmirlər və əhvalları pozulur. Bəzən də yaxşı niyyətlə edilən bir hərəkət, deyilən gözəl söz, sevgi dolu bir hərəkət belə bu cür insanlarda səhv fikir oyadaraq “inciklik” meydana gətirir.

Əvvəlcə “incimək” adlanan davranışın Quran əxlaqı ilə uyğun olmadığına diqqət çəkilməlidir. Allah Quranda iman gətirən insanların hadisədən və insanlardan asılı olmayaraq, hər zaman Quran əxlaqına uyğun davrandıqlarını söyləyir. Möminin belə vəziyyətlərdə necə əxlaq göstərəcəyi isə ayələrdə belə xəbər verilmişdir:

Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam deyərlər. (Furqan surəsi, 63)
(Xalqı) Allah’a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! (Fussilət surəsi, 33-35)

Quranda izah edilən bu əxlaq möminin möhkəm xarakterini, alicənablığını və ən çətin şəraitdə olsa belə, özünü itirmədən ən ağıllı yollarla çıxış yolu tapdığını göstərir. Deməli, insan özünü Quran əxlaqına əsasən hazırlamalı və bu cür səhv davranışları özünə yaraşdırmamalıdır.

Səhv davranışla qarşılaşanda buna eynisilə, ya da daha pis şəkildə cavab vermək düzgün deyil. Əgər bir insan ona edilən hər hansı bir hərəkətdən narahat olursa, bu hərəkətin başqasını da narahat edəcəyini bilməlidir. Möminin vicdanı bunu etməyə mane olar. Sırf nəfsini rahatlatmaq üçün belə səhv etməz.

İnsan, şübhəsiz ki, həyatı boyu müxtəlif xarakterli insanlarla qarşılaşır. Qarşısına Quran əxlaqından uzaq, cahil xarakterli insanlar çıxır. Əgər insan hər dəfə belə bir insanla qarşılaşanda ona uyğunlaşmağa çalışsa, deməli etibarlı bir xarakterə sahib deyil. Halbuki mömin müxtəlif hadisələrlə, fərqli xüsusiyyətlərə sahib insanlarla qarşılaşsa da, xarakterində dəyişiklik etməz və Quran əxlaqı ilə yaşayanlardan başqa heç kimə uyğunlaşmağa çalışmaz.

Eyni zamanda, insan hadisələr qarşısında yaşadığı xarakter dəyişikliyinin də məntiqini yaxşı düşünməlidir. Bir insan niyə inciyər? İnsan özündə olan mənfi xüsusiyyətləri gizlətmək yerinə, niyə bunu daha sərt şəkildə meydana çıxarır?

İnsan ətrafdakılardan nəfsinə əks olan bir hərəkət görəndə inciyir. Ancaq bu əxlaqi zəifliyin mənbəyi də, digər əxlaqi problemlərdə olduğu kimi, hər şeyi Allah’ın yaratdığını və hər şeyin Allah’ın istəyi ilə, yazdığı qədərlə həyata keçdiyini unutmaqdır. Allah istəmədikcə heç nə olmaz. Heç kim Allah istəməsə bir insanı əsəbləşdirən, narahat edən bir hərəkət edə bilməz. Bu səbəbdən də, əgər insan belə bir hadisə ilə qarşılaşsa, bunu Allah’ın etdiyini bilməlidir və bu hadisədə bir xeyirin, bir hikmətin olduğunu anlamalıdır.

İncidiklərini ətrafdakılara hiss etdirməyə çalışan insanlar bunu kinlərinə, əsəblərinə və intiqam alma istəklərinə görə edirlər. Halbuki insana qarşı səhv və haqsız hərəkət edilibsə və bunu edən insanın səhvini anlamağını istəyirsə, bunun üçün edəcəyi ən gözəl hərəkət onu Allah’a tapşırmağıdır. Allah sonsuz ədalət sahibidir. Bir haqsızlıqla qarşılaşanda Ona sığınan qullarına Allah dünyada və axirətdə sonsuz ədaləti ilə cavab verəcək.

Mömin Allah’a sığınaraq, hər şeydə xeyir və hikmət olduğunu bilərək cahiliyyə əxlaqından təmizlənməlidir. Allah Quranda möminləri sonsuz ədaləti ilə bəhrələndirəcəyini belə bildirmişdir:

Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər! (Nisa surəsi, 40)
Allah’a tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır! (Bəqərə surəsi, 281)