Quranda bəhs edilən başçılar kimlərdir?
Elçilər qövmlərini Allah`ın dininə dəvət etdikdə hər qövmdə onlara qarşı çıxan, fəaliyyətlərinə mane olan, iman gətirənlərə çətinlik törədən təbəqə olmuşdur. Quranda bu insanların, əsasən, o qövmün öndə gələnləri olduğu bildirilir. Çünki bu insanlar zəngin, güclü və məqam sahibi olan şəxslərdir. Bu insanların Allah`ın elçilərinə qarşı çıxmasının və azğınlıq etməsinin səbəbi dünyəvi imkanlarını, nüfuz və etibarlarını itirmə qorxusundan qaynaqlanır. Quranda onların hər dövrdə olduğu belə xəbər verilmişdir:
Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. (Ənam surəsi, 123)
Əslində, bu insanlar da tamamilə Allah`ın yaratdığı qədərə tabe olan və möminlərin üstünlüklərinin üzə çıxması üçün Allah`ın xüsusi yaratdığı şəxslərdir. Quranda bildirildiyi kimi, Allah bu insanların qurduğu tələyə özlərini salmış, sahib olduqlarını da hələ dünyada ikən əllərindən almış və möminləri onların yerlərinə varis etmişdir. Allah Misirdə güc və mövqe sahibi olan firon və əyanları ilə hz. Musa və onunla birlikdə olan möminlərin mübarizəsinin nəticəsini belə xəbər verir:
Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə varis etdik. Səbir etdiklərinə görə, Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq. (Əraf surəsi, 137)
Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və gözəl yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Şüəra surəsi, 57-59)
Allah`ın bütün möminlərə aid olan bu qanunu başqa bir ayədə belə açıqlanır:
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)
Qövmlərin inkarçı başçılarının axirətdəki sonu isə labüd əzabdır.