Gündəlik həyatda insan necə dərin düşünə bilər?
İnsan gündəlik həyatda çoxlu şeyləri düşünür. Məsələn, həmin gün görəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı və ya pis şeyi, işi və ya məktəbi ilə bağlı etdiklərini, uzunmüddətli planlarını və s. Bunlara bənzər bir çox fikir zehnini məşğul edə bilər. Bunların hamısı vacibdir, lakin bu cür düşüncələr insanın beynində lazımi qədər yer tutmalıdır. Çünki daha təcili və insanın əbədi həyatını maraqlandıran daha mühüm məsələlər var.
İnsan, əvvəla, özünün və ətrafındakı bütün canlıların necə yaradıldıqlarını, onların necə yaşadıqlarını hərtərəfli düşünməlidir. Bununla bağlı bütün varlıqları yoxdan yaradan və yaşadan Allah`ı və Onun sifətlərini dərindən düşünməlidir. Daha sonra bu sonsuz qüdrət və elm sahibi Yaradanın onu yaratma məqsədini və ondan nələr tələb etdiyini düşünməlidir. Allah`ın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmək üçün qətiyyətli olmalıdır. Onu gözləyən labüd sonu, yəni ölümü və axirət həyatını da unutmamalı, daima bunu yadında saxlayaraq davranmalıdır. Onu bu təcili məsələlərdən uzaqlaşdıraraq qəflətə sürükləyən, fani, sonsuz həyatı üçün faydalı olmayan, hətta zərər verən iş, düşüncə, hərəkət və söhbətlərdən çəkinməlidir.
İnsanın zehni qabiliyyəti, əslində, çoxdur. İnsan bundan istifadə etməyi bilməli, zehnini lazımsız fikirlərlə məşğul etməməlidir.
Gündəlik həyatında insan bir tərəfdən də bu mühüm məsələləri düşünə bilər. Hətta bu məsələləri hərtərəfli şəkildə, mövzu-mövzu, ayələrlə şərh edərək düşünə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində və ya məktəbdə keçirən bir şəxs gün ərzində düşünməli çox şeylə qarşılaşır. Bunlar Quranda tərif edilən insan xarakterləri, düşdüyü, yaşadığı mühitlər ola bilər. Vicdanını dinləmə, nəfsinə tabe olma, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu bir-bir yaşayaraq düşünər, həm də bu mövzular üzərində hərtərəfli şəkildə düşünərək dərinləşə bilər. Əsas odur ki, insan bu fürsətləri görsün və yaxşı dəyərləndirsin.
Ətrafında baş verənlərə: çiçəklərin açmasından səmada quşların uçmasına, nəfəs aldığı oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin döyünməsinə qədər bir çox mövzunu ətraflı düşünə bilər. Suallar verərək, cavablarını axtararaq, adət halını almış izahlardan kənara çıxaraq düşünən insan dərin düşünməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduğunu belə bildirir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)