Təbiilik insan üçün böyük nemətdir. Təbii, səmimi, içindən gəldiyi kimi davranmaq həm insanın özü, həm də onunla birlikdə olan insanlar üçün böyük rahatlıqdır. Çünki belə insanın içində nə varsa, xaricində də o var.
Ancaq bəzən insanlar içindən gəldiyi kimi davranmaq deyəndə elə hesab edirlər ki, içlərində nə varsa, olduğu kimi göstərməlidirlər. Hətta bunu dürüstlük göstəricisi kimi görürlər. “Mən heç bir şeyi gizlətmirəm, içimdəki hisslər budur”, deyə düşünürlər. Halbuki insanın içindən gələn hər şey doğru deyil. Bu səbəbdən, insanın içindən gələn hər şeyi olduğu kimi büruzə verməsi doğru deyil. Bəzən insanın içindən gələn müəyyən hissləri nizamlaması, əzməsi və qalib gəlməsi lazımdır. Çünki insanın “içimdən gəlir” dediyi şeylər nəfsində olan və nəfsinin onu təşviq etdiyi hisslərdir.
İnsanın nəfsində həm gözəlliklər, həm də pisliklər vardır. Ancaq nəfsini istədiyi formaya salmaq, ondakı pisliklərə qalib gəlmək, gözəl və yaxşı şeyləri artırmaqsa insanın öz iradəsindədir.
Məsələn, bir insanın içindən ətrafındakı insanlara yaxşılıq etmək, sevgi, hörmət göstərmək, gözəl söz söyləmək, nəşələnmək, xoşsöhbət və danışqan olmaq, ünsiyyətcil olmaq, fədakarlıq etmək gələ bilər. Belə olan halda insan içindən gələnlərə tabe olar.
Ancaq bəzən də insanın içindən səssizləşmək, küsmək, durğunlaşmaq, insanlardan uzaqlaşmaq, qəzəblənmək, kinlənmək, tərs davranışlar göstərmək, bağırıb-çığırmaq, mübahisə etmək kimi arzuolunmaz hisslər də gələ bilər. Bunlar da nəfsin içində var olan pisliklərdir. İnsanın belə bir halda, “Nə edim, mən sadəcə içimdən gəldiyi kimi davranıram”, deyerək belə əxlaq göstərməsi doğru deyil. Bu hisslərin içdən gəlməsi də ortaya çıxan pis əxlaqı məqbul sayan bəhanə deyil.
Çünki bunlar Allah’ın Quranda bəyənmədiyini bildirdiyi, nəfsə xüsusi olaraq verilən, insanın mübarizə aparıb qalib gəlməsi lazım olan pisliklərdir. Allah gözəl əxlaqın vacibliyini və çəkinilməli davranışları insanlara bildirmişdir. İnsan nə qədər içindən gəlirsə gəlsin, pis olduğunu bildiyi davranışı əsla etməməlidir. İçindən qəzəblənmək gəlirsə, dərhal bunun Allah’ın bəyənmədiyi bir əxlaq olduğunu düşünüb, qəzəbinə qalib gəlməlidir. Əksinə, insan qəzəbləndiyi adama gözəl söz deyib könlünü almalı, dostca davranışlar göstərmək üçün nəfsini məcbur etməlidir. Nəfsi ona susqunluq hissi verəndə, dərhal bunun Qurana uyğun olmayan bir əxlaq olduğunu düşünüb, birlikdə olduğu insanlara Allah’ın razı olacağı şəkildə ən gözəl sözləri demək üçün iradə göstərməlidir.
Belə bir vəziyyətdə nəfsani bir davranış göstərmək dürüstlük, təbiilik, səmimiyyət deyil. Dürüstlük, təbiilik Allah’ın məqbul saydığı, Quranda bəyəndiyini bildirdiyi, gözəl əxlaqa aid hər davranışı ən gözəl şəkildə göstərmək və ən səmimi şəkildə yaşamaqdır. İnsanın nəfsindəki pislikləri sırf “içindən gəlir” deyə tətbiq etməsi, bu insanın əxlaqındakı əskiklikləri göstərən bir əlamətdir.
Dolayısı ilə insanın içindən gələn hər hissə tabe olması doğru deyil. İnsan içindən gələn hər cür yaxşılığı etməlidir. İçindən gəlmədiyi hallarda da mütləq yaxşılığı axtarmalı, nəfsini bu yöndə tərbiyələndirməli, nəfsindəki yaxşılığa olan meylini artırmalıdır.
Nəfsinin təşviq etdiyi pisliklərdə isə iradə göstərərək, Allah qorxusu və vicdanı ilə içindən gələn bu hissə yaxşılıqla cavab verməlidir.
Bu, möminin dünya həyatındakı imtahanının çox vacib bir hissəsidir. İnsan nəfsini tərbiyə edə bildiyi zaman Allah’ın razı olacağı əxlaqa yiyələnə bilər. Allah Quranda nəfslərindəki pisliklərə qarşı gözəlliyi seçən və nəfslərini Quran əxlaqına görə tərbiyə edən insanlar üçün belə buyurur:
And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.(Şəms surəsi, 7-10)
Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.(Maidə surəsi, 105)
Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”.(Yusif surəsi, 53)