Həzm sistemi
Həzm prosesinin başlanğıcında ifraz olunan tüpürcək qidanı isladaraq dişlərlə çeynənməsini və yemək borusundan keçməsini asanlaşdırır. Digər xüsusiyyəti kimyəvi tərkibinə görə nişastanı şəkərə çevirməsidir. Ağızda bu qədər mühüm maddə olan tüpürcəyin ifraz olunmadığını düşünün. Bu halda, nə yediklərinizi uda bilər, nə də ağız quruluğuna görə düzgün danışa bilərdik. Heç bir bərk qidanı yeyə bilməz, sadəcə maye və mayeyə yaxın maddələrlə qidalana bilərdik. Mədədəki sistem də mükəmməldir. Qidaların mədədə həzm olunması bu orqanın içindəki hidroxlorid turşusu vasitəsilə həyata keçirilir. Ancaq bu turşu o qədər təsirlidir ki, təkcə qidaları deyil, mədə divarını belə əridə bilər. Lakin bunun üçün də tədbir görülmüşdür: həzm vaxtı ifraz olunan selik mədənin bütün divarlarını örtür və turşunun parçalayıcı təsirinə qarşı müdafiə qatı təşkil edir. Beləliklə, mədənin öz-özünü məhv etməsinin qarşısı alınır. Seliyin tərkibindəki kiçik bir çatışmazlıq onun qoruyucu xüsusiyyətini aradan qaldırar. Halbuki, istər mədənin həzm turşusunda, istərsə də o selikdə qüsursuz uyğunluq var.
Mədə boş olarkən zülalları, yəni ət kimi heyvan məhsullarını parçalayan selik mədədə olmur. Daha doğrusu, mədə boş ikən bu selik tamamilə fərqli, parçalayıcı xüsusiyyəti olmayan maddə kimi mədədə olur. Zülal tərkibli qida mədəyə düşdükdə ifraz olunan hidroxlorid turşusu bu təsirsiz seliyi güclü zülal parçalayıcısına çevirir. Beləcə, mədə boş qaldıqda bu güclü zülal parçalayıcı selik zülallardan ibarət mədəyə zərər vermir.
Burada bir cəhətə diqqət etməliyik: sözügedən sistemi təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Çünki təkamül kiçik forma dəyişikliklərinin mərhələ-mərhələ baş verməsi ilə ibtidai canlılardan bugünkü mürəkkəb canlıların əmələ gəldiyini iddia edir. Halbuki, açıq-aydın görünür ki, mədədəki sistemin mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür. Bircə amilin olmaması canlının həyatına son qoyar. Təkamülün əsassızlığını daha yaxşı anlamaq üçün bir nümunə kifayət edər. Mədəsinin ifraz etdiyi turşu ilə öz mədəsini əridən canlı düşünün. Ağrı çəkərək əvvəlcə mədəsi parçalanar, daha sonra digər daxili orqanları bu turşu ilə məhv edilər. Canlı öz-özünü yeyərək ölər.
Mədədəki mayenin qida gəldikdə parçalayıcı xüsusiyyət qazanması bir sıra ardıcıl kimyəvi reaksiya nəticəsində baş verir. “Təkamül prosesi” zamanı mədəsində bu cür planlı kimyəvi çevrilmə olmayan bir canlı düşünün. Mədəsindəki maye parçalayıcıya çevrilməyən canlı yediklərini həzm edə bilməz, qarnında həzm olunmamış qida olduğu halda, orqanizmi qida tələb etdiyi üçün ölərdi.
Bu mövzunu başqa cəhətdən təhlil edək. Mədə turşusunu mədə hüceyrələri ifraz edir. Bu hüceyrələr də, bədənin hər hansı yerindəki digər hüceyrələr də (məsələn, göz hüceyrələri) ana bətnində bölünərək əmələ gəlmiş eyni kökdən olan hüceyrələrdir. Habelə, hər ikisinin genetik məlumatı yenidir. Yəni hər iki hüceyrənin məlumat bankında həm gözün ehtiyacı olan zülalların, həm də mədədə istifadə edilən turşunun genetik məlumatı var. Lakin haradan gəldiyi bilinməyən əmrə tabe olan göz hüceyrəsi milyonlarla məlumatın içindən sadəcə gözə aid məlumatlardan, mədə hüceyrəsi də mədəyə aid məlumatlardan istifadə edir. Bəs gözə aid zülalları nə üçün hasil etdiyi məlum olmayan göz hüceyrələri bir gün mədə turşusu hasil etməyə başlasalar (çünki mədə turşusunun necə hasil ediləcəyinə dair məlumata malikdirlər), nəticədə, nə baş verərdi? İnsan gözünü əridər və həzm edərdi.
Öz daxilimizdəki mükəmməl sistemi təhlil etməyə davam edək:
Həzm prosesinin davamı da eyni şəkildə planlıdır. Qidaların həzm sistemi tərəfindən parçalanmış faydalı hissələri nazik bağırsaq çəpərləri ilə sorularaq qana qarışır. Nazik bağırsağın daxili səthi eninə xovları olan məxmər parçaya bənzəyir. Hər qırışın üzərində “villus” adlanan daha kiçik xovlar var. Bu xovlar sayəsində faydalı maddələri soran bağırsağın səthinin sahəsi artır. Xovların üzərindəki hüceyrələrin üst hissələrində də “mikroxov” adlanan mikroskopik çıxıntılar var. Bu çıxıntılar nasos kimi qida maddələrini sorur. Habelə, bu nasosların içi müxtəlif qidalara uyğun kapillyarlarla qan dövranı sisteminə bağlanmışdır. Beləliklə, nasosların sorduğu qida maddələri qan dövranı sistemi ilə orqanizmin hər yerinə çatdırılır.
Hər xovun təqribən 3000 mikroxovu var. Nazik bağırsağın daxili səthində 1 mm2 sahə 200 milyona qədər mikroxovla örtülüdür. 1 m2-ə yerləşən 200 milyon nasos hər an insanın həyatını davam etdirməsi üçün yorulmadan, xarab olmadan işləyir. Bu qədər çox nasos çox böyük və geniş səthin qırışdırılması ilə kiçik yerə sığışdırılmışdır. Bu sistem aldığımız qida maddələrindən orqanizmimizin maksimum dərəcədə faydalanmasını, nəticə etibarilə həyatımızın davam etməsini təmin edir.