Gözəl Mövzular


Hadisələri, davranışları, danışıqları dərindən araşdırmaq vərdişi, bəzən insana axtardığı rahatlığı deyil, əksinə narahatlıq verir...


Hadisələri, davranışları, danışıqları dərindən araşdırmaq vərdişi, bəzən insana axtardığı rahatlığı deyil, əksinə narahatlıq verir...

İnsan gün ərzində xoşuna gələn və ya gəlməyən hadisələrlə rastlaşır. İnsanların əksəriyyəti bu hadisələr üzərində lazım gəldiyi qədər düşünür və həyatına davam edir. Ancaq bəzi insanlar da vardır ki, baş verən hadisələri, aparılan danışıqları asanlıqla unuda bilmir və üzərində saatlarla araşdırmalar aparırlar. Hadisələrə verilən reaksiyanı, göstərilən davranışları, aralarında keçən danışıqları yetərli və açıqlayıcı hesab etmir; sonradan həmin mövzulara qayıdıb lazımlı insanlardan əsaslı şəkildə məlumat alaraq hadisənin baş vermə səbəbini dəqiqləşdirmək istəyirlər. Ondan sonra da, gün ərzində yenə həmin mövzu ətrafında düşünürlər. Ətraflı şəkildə hadisələri düşünür və edilən danışıqları tək- tək, təkrar- təkrar ağıllarından keçirərək özləri üçün lazımlı nəticəyə gəlirlər. Əslində isə, həmin mövzu o gün, o saatda yaşanıb bitmişdir. Ancaq bu insanlar nədənsə daxildə rahat olmurlar. “Elə deyil, belə söyləsəydim”, “Mövzu ətrafında lazımınca məlumat verə bilmədim, daha çox detal verə bilsəydim”, “O, sözləri ilə nə demək istədiyini daha aydın şəkildə ifadə etməsini istəsəydim”, “Etdiyi hərəkətin nə mənaya gəldiyini qarşı- qarşıya oturub danışsaydıq” kimi ardı- arası kəsilməyən lazımsız düşüncələrlə yaşadıqları hadislər üzərində dərin təhlillər aparırlar.

Bəhs etdiyimiz insanların belə davranmalarının bir səbəbi də, qarşılarındakı insanlarla aradalarında olan mövzunu ətraflı araşdırdıqda istədikləri nəticəyə gələcəklərinə inanmalarıdır. Bu səbəbdən də, söhbətin yarımçıq qalmasından, nəticələndirilməməsindən, hadisənin səbəbinin aydınlaşdırılmamasından ciddi şəkildə narahat olurlar.

Halbuki hadisəyə bu tərzdə yanaşılması yanlışdır. Əlbəttə ki, bəzi insanların mövzu üzərində çox dayanmadan ötüb keçmələri də bəzən problem yarada bilir. Məsələn, bir insan öz dostundan maşınını müvəqqəti olaraq alıb, daha sonra həmin maşınla qəza törədirsə mütləq bunun səbəbini açıqlamalıdır. Əks təqdirdə, dostluğa, səmimiyyətə, dürüstülüyə uyğun olmayan hərəkət etmiş olacaq.

Ancaq bəzi hadisələr də vardır ki, nə qədər üzərində az düşünülsə o, hər iki tərəfi də daha az narahat edər. Məsələn, bir insan fikirləşmədən kobud söz işlətmiş olduqda, qarşı tərəf bu insanın səmimiyyətindən əminsə bunun üzərində çox dayanmadan başqa mövzuya keçməlidir. Qarşı tərəfin səhvini görüb, üzə vurmaqdansa həmin sözün eşitməməzlikdən gəlməsi daha doğrudur. Əks təqdirdə isə, qarşı tərəfi utandıracaq və çıxılmaz vəziyyətdə buraxmış olacaqdır. Bu davranışın üzərində düşünməklə, eyni zamanda açıqlama gətirməklə daha da vəziyyəti çıxılmaz etmiş olacaqdır.

Gözəl əxlaqın tələb etdiyi kimi, hadisələrin üzərinə düşməmək, böyütməmək və olduğu şəkildə saxlamaq daha məqsədə uyğundur. Səbəbləri, öyrənmək üçün insanları sorğu- suala çəkmək, düşüncələrini öyrənmək üçün dərindən analizlər aparmaq, söylənməsi lazım olmayan sözlərin söylənməsi üçün israr etmək hər zaman insan üçün xeyirli nəticələr verməyə bilir. Bəzən edilən gözəl hərəkətin də səbəbinin aydınlaşdırılması onun təbiiliyini, səmimiliyini ortadan qaldırır. Gözəl təbəssüm, gözəl hərəkət, gözəl söz o anda yaşandığı şəkildə gözəl ola bilər. Geriyə dönüb də, bu hərəkətin daxildən gələrəkmi edildi, yoxsa əvvəlcədən planlaşdırılmışdı deyə analiz aparmaq, insanları səmimiyyətdən uzaqlaşdırıb, standart tərzə gətirəcək və narahat edəcəkdir. Eyni şəkildə də doğru olmayan davranışlarda da, geriyə dönüb səbəblərinin araşdırılması insanlar tərəfindən xoş qarşılanmır. Hər hansı həll yolu tapmaq, ya da anlaşılmazlığı aradan qaldırmaq səbəbi ilə deyil də, yanlış hərəkətlərə diqqət çəkmək, səhvləri təkrar- təkrar dilə gətirmək, bunların altında yatan məqsədləri insanların üzünə vurmaq hər iki tərəfi də sıxıntıya salmaqdan başqa bir şey deyil.

İnsanın məqsədi daim gözəl sözlər söyləmək və gözəl davranış nümayiş etdirməkdir. Əgər bunlardan hansındaysa səhvə yol verirsə, həmin şəxs vaxt itirmədən səhvini düzəltməli və bir daha eyni səhvi təkrarlamamağa çalışmalıdır. Bu tərzdə yanaşma, insanı boş sözlərdən, lüzumsuz narahatlıqlardan, mübahisələrdən uzaqlaşdırır. Daima gözəl əxlaq nümayiş etdirmək, gözəl sözlər söyləmək, onsuzda Allahın izni ilə yanlışları düzəldəcəkdir.

​... Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. (Hud surəsi, 114)