Günəş, Ay və ulduzların quruluşundakı fərq
Üstünüzdə yeddi möhkəm (göy) qurduq və çox parlaq bir çıraq (Günəş) yaratdıq. (Nəbə surəsi, 12-13)
Məlumdur ki, Günəş, Günəş sistemindəki yeganə işıq mənbəyidir. Texnoloji imkanların artması ilə astronomlar Ayın işıq mənbəyi olmadığını, sadəcə Günəşdən gələn işığı əks etdirdiyini kəşf ediblər. Yuxarıdakı ayədə işlədilən "çıraq" sözü də ərəbcə istilik və işıq mənbəyi olan Günəşi ən mükəmməl şəkildə tərif edən "sirac" kəlməsidir.
Allah Quranda Ay, Günəş və ulduzlar kimi göy cisimlərindən bəhs edərkən müxtəlif sözlərdən istifadə edir. Günəş və Ay arasındakı fərq Quranda belə təsvir edilmişdir:
Orada ayı bir nur, günəşi də bir çıraq etdi. (Nuh surəsi, 16)
Yuxarıdakı ayədə Ay haqqında işıq (ərəbcə "nur"), Günəş haqqında isə çıraq (ərəbcə "sirac") sözləri işlədilmişdir. Bu sözlərdən Ay haqqında deyilən "nur" sözü işığı əks etdirən, parlaq, hərəkətsiz kütləni ifadə edir. Günəş haqqındakı "sirac" sözü isə daima yanan, istilik və işıq mənbəyi, göydəki forma mənasını verir.
Digər tərəfdən, ulduz sözü ərəbcə üzə çıxan, görünən mənalarını verən "nəcəmə" kökündən törəmişdir. Bundan əlavə, ulduz aşağıdakı ayədəki kimi işığı ilə qaranlıqları yaran, parıldayan, öz-özünü tükəndirən və yanan mənalarını verən "saqib" sözü ilə ifadə edilmişdir:
(O, zülməti yaran) parlaq ulduzdur! (Tariq surəsi, 3)
Dövrümüzdə Ayın öz işığını yaymadığı, Günəşdən gələn işığı əks etdirdiyi məlumdur. Günəş və ulduzların isə öz işıqlarını yaydığını bilirik. Quranda bu həqiqətlər insanların göy cisimləri ilə bağlı məlumatlarının çox məhdud olduğu dövrdə, yəni 14 əsr əvvəl bildirilmişdir.