Gözəl Mövzular


Ən təhlükəli xəstəliklərdən biri: Ağıl bəyənmə xəstəliyi


Ən təhlükəli xəstəliklərdən biri: Ağıl bəyənmə xəstəliyi
Hər insan uşaqlıq yaşlarından sonra müəyyən bir tərbiyə mərhələsi keçir. Şəxsiyyəti, bilikləri, bacarığı, qabiliyyətləri də zaman ərzində formalaşmağa başlayır. Müəyyən yaşdan sonra insan artıq ailəsinin, yaxınlarının köməyi olmadan, yavaş-yavaş öz-özünə kiçik və ya böyük nailiyyətlər əldə etməyə başlayır. Zaman keçdikcə bu kiçik-böyük nailiyyətlər, əldə edilən yaxşı nəticələr bu insanda gözəl bir baza yaradır. Əgər bu insan ağıllı və vicdanlıdırsa, əxlaqını da inkişaf etdirib gözəlləşdirir.
Elə bu anda insanın qarşısına yeni bir təhlükə çıxır. Şeytan bu mərhələdə həmin şəxsi ələ keçirmək üçün fəaliyyətə başlayır. Şeytanın insanda meydana gətirmək istədiyi “böyüklük” hissi üçün lazımi şərait və hiyləli şəkildə istifadə edəcəyi bir çox cəhət yaranır. Artıq bu insanı hər etdiyini “öz ağlı, bacarıqları və gücü” ilə etdiyinə inandırıb, bu ruh halını əks etdirən pis əxlaqa yönəltmək qalır. Əgər şeytan bu insanı əldə etdiyi bütün nailiyyətlərin, bacardığı hər şeyin, ağlına gələn hər ağıllı firkin özündən qaynaqlandığına inandıra bilsə, üzərinə götürdüyü vəzifəni yerinə yetirmiş olur.
Vicdanı lazımi qədər açıq olmayan bir insan özü də hiss etmədən şeytanın bu kimi təlqinlərinə təslim olur. İçində gizli şəkildə böyüyən xəstəliyə tutulur. Bu xəstəliyin adı “ağılı bəyənməkdir”.
Əvvəlcə, bu xəstəliyi ancaq şeytan bilir. Ancaq zaman keçdikcə xəstəlik yavaş-yavaş üzə çıxmağa başlayır. Ətrafındakı insanlar bu insanda tutulduğu xəstəliyin əlamətlərini görməyə başlayırlar. Təkcə öz ağlına güvənmək, daima haqlı olduğuna inanmaq, sadəcə öz proqnozlarına əsaslanmaq, hamıya öz dediklərini etdirməyə çalışmaq, son sözü deməyə adət etmək, başqalarının fikrinə tabe olmamaq kimi əlamətlər get-gedə formalaşmağa başlayır. Budur, artıq xəstəlik irəliləmiş, xəstəni tamamilə əhatə etmiş və bədənini ələ keçirmişdir.
Lakin xəstəliyin əlamətlərinin bu qədər çox görünməsinin müsbət tərəfi ondan ibarətdir ki, o, insanlar tərəfindən açıq-aydın hiss olunur və bu şəkildə xəstəlik aşkar olunaraq müalicə olunmaq imkanı qazanır.
Amma unudulmamalıdır ki, ağıl bəyənmə xəstəliyi sadəcə ağıllı, bacarıqlı, qabiliyyətli insanlarda müşahidə edilmir. Dünyanın mədəniyyətdən çox uzaq bir yerində heç bir biliyə, mədəniyyətə sahib olmayan bir insan da, həyatını boş-boş küçədə yataraq keçirən, özünə zərər verən, heç bir mövzuda əziyyət çəkmədən yaşayan insanlar da bu xəstəliyə çox asanlıqla tutula bilərlər. Bu insanlar da bacarıqlı, qabiliyyətli, həyatın hər sahəsində yüksələn insanlarda olduğu kimi, ağıllarından, mədəniyyətlərindən, bilik səviyyələrindən, qərarlarından, inanclarından, adətlərindən çox əmin ola bilər və bu mövzuda heç kimin sözünə etibar etməyəcək qədər özlərindən razı ola bilərlər.
Bu mənzərə xəstəliyin necə bir müsibət olduğunun daha yaxşı başa düşülməsi baxımından çox ibrətamiz və düşündürücüdür.
Bu da onu göstərir ki, şeytan insanı hətta həqiqi vəziyyətinin əksinə inandıracaq qədər hiyləgər və qarışıq bir oyun oynayır.
Bu vəziyyət dünyanın ən aciz insanında da, ən qürurlu insanında da nəfsin təsirinin eyni olduğunu, nəfsinə aldanan bir insanın necə böyük qəflətə qapıla biləcəyini sübut edir.
Çarə isə, hər mövzuda olduğu kimi, ancaq Qurandadır. Quran Allah’ın böyüklüyünü və insanın nə qədər aciz olduğunu açıq şəkildə sübut edir. Quran əxlaqını tam şəkildə yaşayan insan, Allah’ın izni ilə, əsla ağlını bəyənmə xəstəliyinə tutulmaz. Bu mövzuda bir anlıq qəflətə düşsə belə, dərhal Allah’ın qüdrətini xatırlayaraq öz acizliyini və möhtaclığını anlayar, Rəbbimizin gücünə təslim olar.
Peyğəmbərlər bu mövzuda möminlər üçün gözəl nümunədir. Peyğəmbərlər Allah’ın lütfü sayəsində dünyanın ən gözəl əxlaqlı insanlarıdır. Ancaq bu gözəl xüsusiyyətlərinə baxmayaraq, əsla Rəbbimizə qarşı acizliklərini unutmayan insanlardır. Bu gözəl əxlaqlarına, üstün cəhətlərinə, ağıllarına, əldə etdikləri nailiyyətlərə baxmayaraq, peyğəmbərlər dünyanın ən təvazökar, ən təslimiyyətli, ən mehriban və ən mülayim insanlarıdır. Onların üstün əxlaqı ağıl bəyənmə xəstəliyindən qorunmaq istəyən bütün müsəlmanlar üçün gözəl nümunədir.
İnsanın acizliyini bilməsi Allah’ın böyüklüyünü qavraması ilə mümkündür. Hər şeyi ona verən, lütf edən Allah’dır. Buna görə də, insan sahib olduğunu düşündüyü maddi-mənəvi hər şeyin, əslində, özündən qaynaqlanmadığını unutmamalıdır. Hər şey Allah’ındır, Allah’a aiddir. İnsanın ağıl adlandırdığı, ağlına gələndə bəyəndiyi nəticələr də ancaq Allah’ın yaratmasıdır. Allah’ın sonsuz ağlının insanda təcəlli etməsidir. Elə isə insan ağlını bəyənməkdənsə, acizliyini bilməli və təvazökarlıqla Allah’a olan şükrünü və təslimiyyətini göstərməlidir.