Dərin düşünməyə nələr mane olur?
Bir məsələ üzərində düşündükdə insanın diqqəti başqa şeylərə yayına bilər. Mühüm məsələ haqqında düşünərkən insan birdən-birə sabah edəcəyi lazımsız iş və ya əlində tutduğu qələm haqqında fikirləşə bilər. Fikrin dağılması isə dərinləşməyin qarşısını alır.
Həmçinin bir məsələ haqqında kifayət qədər məlumat olmadıqda da insanın düşünmə qabiliyyəti müəyyən həddə qədər irəliləyir. Amma bu da düşünməyə mane olan səbəb deyil. İnsan necə və nə haqda düşünəcəyini bilərsə, o sahədə özünü təkmilləşdirər və lazım gələrsə, biliyini də artıra bilər.
Ancaq düşünməyə mane olan ən mühüm amillərdən biri, şübhəsiz, ülfətdir, yəni hadisələrə alışqanlıq eynəyinin ardından baxmaqdır. İnsan hərtərəfli düşünməsə, dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələri təbii qarşılaya bilər. Məsələn, canlılardakı qeyri-adi dizaynı görməz. Həmişə görməyə adət etdiyi üçün qarışqanın öz çəkisindən 200-300 dəfə ağır cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox mühüm detal olduğunu, qarışqaya bu cür çətin işi həyata keçirməyə kömək edən mexanizmi kimin verdiyini heç düşünməz. Özünün belə bir şeyi əsla edə bilməyəcəyini isə ağlına belə gətirməz. Bir quşun qanadındakı xüsusiyyətləri, qanad mexanizminin xüsusi dizayn tələb etdiyinin fərqinə varmaz. Halbuki, dərin düşünən insan bircə tükü belə əlinə alıb, onu hərtərəfli tədqiq edərək çox mühüm nəticələrə gələ bilər. Tükdəki nizamdan tükü təşkil edən maddənin möhkəmliyinə qədər bir çox mühüm detalı özü tapa bilər. Bircə tükə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər.
Ancaq bunu da bildirmək lazımdır ki, ülfətsiz düşünmək üçün insanın mütləq çox şey bilməsinə ehtiyac yoxdur. Sadəcə ətrafındakı canlılara, səmaya və hətta öz bədəninə diqqətlə baxması kifayət edər. Allah buna "Qaf"surəsində belə bir nümunə ilə diqqət çəkir:
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! (Bütün bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (Qaf surəsi, 6-11)