Dəri
Metrlərlə uzunluqda, lakin bir hissədən ibarət toxuma düşünün. Bu toxuma eyni zamanda həm isinməni, həm sərinləməni təmin etməli, sağlam və estetik olmalı, hər cür xarici amilə qarşı müdafiə təşkil etməlidir.
İnsan orqanizmini və digər bütün canlıların bədənlərini növlərə uyğun olaraq bəzi dəyişiklərlə örtən dəri toxuması yuxarıdakı xüsusiyyətlərin hamısına malikdir.
Dəri toxuması olmasa, insanın həyatı təhlükəyə girər. Dərinin bircə yerinin zədələnməsi orqanizmdə su itkisinə səbəb olduğu üçün ölümlə nəticələnər. Təkcə dərinin bu xüsusiyyəti təkamül nəzəriyyəsini əsassız edir. Çünki hər orqanı tamamlanmış, lakin hələ dərisi əmələ gəlməmiş və ya qismən əmələ gəlmiş canlının həyatda qalması qeyri-mümkündür. Bu da bizə insanların da, heyvanların da bütün bədən hissələrinin tam və qüsursuz şəkildə eyni zamanda əmələ gəldiyini, yəni yaradıldığını göstərir.
Bir-birindən tamamilə fərqli formalardan əmələ gəlmiş dərinin altında yağdan ibarət təbəqə var. Bu yağ təbəqəsi temperatura qarşı izolyasiya funksiyasını yerinə yetirir. Bu təbəqənin üstündə dəriyə elastiklik qazandıran və əksər hissəsi zülallardan ibarət başqa təbəqə var.
Dərimizin 1 sm altında bu yağlardan və zülallardan təşkil olunmuş, müxtəlif damarların yerləşdiyi, qeyri-estetik, hətta ürküdücü görüntü var. Dəri bütün bu formaların üzərini örtərək həm bədənimizə estetik görünüş verir, həm də xarici amillərdən bizi qoruyur ki, təkcə bu xüsusiyyəti belə dərimizin bizim üçün nə qədər əhəmiyyəti olduğunu göstərir.
Dərinin bütün funksiyaları həyatidir. Aşağıda dərinin bir neçə funksiyası sadalanmışdır:
Orqanizmin su tarazlığının pozulmasının qarşısını alır: Dərinin üst təbəqəsinin hər iki tərəfi sukeçirməz quruluşa malikdir. Dərinin bu xüsusiyyəti sayəsində orqanizmdəki su miqdarı tənzimlənir. Dəri qulaqdan, burundan, hətta gözdən də vacib orqandır. Digər duyğu orqanlarımız olmasa, yaşaya bilərik. Lakin dəri olmadan insan yaşaya bilməz. Çünki insan orqanizminin ən lazımlı mayesi olan su dəri olmadan bədəndə saxlana bilməz.
Davamlı və elastikdir: Üst dəri səthindəki hüceyrələrin əksəriyyəti ölüdür. Alt dəri isə canlı hüceyrələrdən təşkil olunmuşdur. Üst dəri hüceyrələri bir müddət sonra hüceyrə xüsusiyyətini itirir və keratin adlı bərk maddəyə çevrilir. Bu ölmüş hüceyrələri keratin birləşdirir və bədəni qoruyan zireh əmələ gətirir. Dəri daha bərk və qalın olduğu təqdirdə, qoruyucu təsirinin artdığı düşünülə bilər, lakin bu, yanıldıcıdır. Əgər filin və ya kərgədanın dərisi kimi sərt və qalın dərimiz olsaydı, çox hərəkətli bədənimiz bu qabiliyyətini itirər və ağırlaşardı.
Hansı canlı növü olsa da, dəri heç vaxt lazım olduğundan daha qalın olmaz. Dərinin quruluşunda çox ölçülü, tənzimlənən plan mövcuddur. Üst dəri hüceyrələrinin müntəzəm öldüyünü və bu prosesin heç dayanmadığını düşünək. Bu təqdirdə, dərimiz qalınlaşar və bir müddət sonra timsah dərisi kimi olardı. Lakin bu vəziyyət baş vermir, dəri məhz lazımi qalınlıqdadır. Bu, necə olur? Dəri hüceyrələri nə vaxt dayanacaqlarını haradan bilirlər?
Dəri toxumasını təşkil edən hüceyrələrin nə vaxt dayanacaqlarını özləri bildiklərini və ya bu sistemin təsadüfən əmələ gəldiyini iddia etmək çox məntiqsiz və gülünc olar. Dərinin quruluşunda açıq-aydın yaradılış mövcuddur. Dərini yaradan, şübhəsiz, aləmlərin Rəbbi, bir və tək olan Allah`dır.
İsti havada bədəni sərinlədən mexanizmə malikdir: Alt dərini çox kiçik kapillyarlar bürümüşdür. Bunlar dərini təkcə qidalandırmır, eyni zamanda, dəridəki qanın miqdarını da tənzimləyirlər. Bədənin temperaturu artdıqda damarlar genişlənərək çox isti olan qanın bədənin nisbətən sərin olan üst hissəsinə keçməsini və temperaturun xaricə ötürülməsini təmin edirlər. Bədəni sərinlədən digər mexanizm isə tərdir. İnsan dərisi “məsamə” adlanan dəliklərlə doludur. Məsamələr tər vəzlərinin yerləşdiyi alt dəriyə qədər uzanır. Bu vəzlər qandan aldıqları suyu məsamələrdən keçirərək bədəndən kənar edirlər. Kənar edilmiş maye buxarlanmaq üçün bədənin temperaturundan istifadə edir, bu isə bədəni sərinlədir.
Soyuq havada bədənin temperaturunu qoruyur: Soyuq havada dəridəki tər vəziləri işlərini yavaşladırlar və qan damarları daralır. Beləliklə, dəri altında qan dövranı azaldığına görə, bədən temperaturunun aşağı düşməsinin qarşısı alınır.
Bütün bunlar bizə göstərir ki, dəri həyatımızı asanlaşdırmaq üçün xüsusi yaradılmış mükəmməl orqandır. Dəri həm qoruyur, həm kondisioner vəzifəsini yerinə yetirir, həm də elastikliyi sayəsində hərəkəti asanlaşdırır. Habelə, çox estetikdir.
Bu cür dərinin əvəzinə möhkəm, qalın və kobud dərimiz ola bilərdi. Qeyri-elastik dərimiz olsaydı, bir az kökəldikdə dərimiz çatlayıb yarılardı. Yayda istidən huşumuzu itirməyimizə və ya qışda soyuqdan donmağımıza səbəb olan dərimiz ola bilərdi. Ancaq bizi yaradan Allah ən rahat, istifadəyə yararlı və estetik dəri ilə bədənimizi örtmüşdür. Çünki O, yaradan, yoxdan var edən, surət verən Allah`dır.
(Həşr surəsi, 24)