Dəmirdəki sirr
Dəmir Quranda diqqət çəkilən elementlərdən biridir. Quranın "Hədid", yəni "Dəmir" adlı surəsində belə buyurulur:
... Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik... (Hədid surəsi, 25)
Dəmir dünyada geniş yayılmış üçüncü elementdir və yer qabığının 5%-ni təşkil edir. Dəmir Yerdə bu qədər çox olmasına baxmayaraq, Yerdən kənarda əmələ gəlmişdir. Müasir astronomik tədqiqatlar Yerdəki dəmirin kosmosdakı nəhəng ulduzlardan gəldiyini aşkar etmişdir. 42
"Hədid" surəsinin 25-ci ayəsində dəmir haqqındakı "ənzəlna", yəni "nazil etmək, endirmək" sözü məcazi mənada insanların xidmətinə verilmə mənasında ola bilər. Lakin sözün yağış və günəş şüaları ilə bağlı "göydən endirmə" şəklindəki həqiqi mənasını nəzərə aldıqda ayənin yuxarıda izah etdiyimiz mühüm elmi həqiqətə işarə etdiyini görürük.
Ancaq təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kosmosdan gəlmişdir. Çünki Günəşin temperaturu dəmirin əmələ gəlməsi üçün kifayət deyil. Günəşin səthində 6000ºC, nüvəsində isə 20 milyon ºC temperatur var. Dəmir ancaq Günəşdən çox böyük olan ulduzlarda, bir neçə yüz milyon dərəcəyə çatan temperaturlarda əmələ gəlir. Nova və ya Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən ölçünü keçdikdə, ulduz bunu daşıya bilmir və partlayır. Bu partlayışlar nəticəsində dəmir kosmosa yayılır. 43
Bir elmi mənbədə bu haqda belə məlumat verilir:
Daha yaşlı Supernova partlayışlarını göstərən dəlillər var: dənizin dibində toplanmış dəmir-60 təqribən 5 milyon il əvvəl Günəşdən 90 işıq ili uzaqda əmələ gələn Supernova partlayışının nəticəsidir. Supernova partlayışında əmələ gələn dəmir-60 1.5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin daxili təbəqələrindəki dəmir-60 izotopu kosmosdakı elementlərin nukleosintez keçirərək əvvəlcə atmosferə, oradan da yerin daxili təbəqələrinə çökməsi nəticəsində əmələ gəlmişdir. 44
Göründüyü kimi, dəmir Yerdə əmələ gəlməmiş, Supernovalardan eynilə ayədə bildirildiyi kimi endirilmişdir. Bu fakt Quranın nazil edildiyi VII əsrdə elmi cəhətdən aşkar edilə bilməzdi. Lakin bu həqiqət hər şeyi sonsuz elmi ilə əhatə edən Allah`ın sözü olan Quranda bildirilmişdir.
Müasir astronomik məlumatlar bizə digər elementlərin də Yerdən kənarda əmələ gəldiyini göstərir. Ayədəki "dəmiri də nazil etdik" ifadəsindəki "də" ədatı bunu vurğulayır. Ancaq ayədə dəmirə xüsusilə diqqət çəkilməsi isə XX əsrin sonlarında əldə edilən məlumatları nəzərə aldıqda çox düşündürücüdür. Məşhur mikrobioloq Maykl Denton (Michael Denton) "Təbiətin taleyi" (Nature's Destiny) adlı kitabında dəmirin əhəmiyyətini belə vurğulayır:
Metallar arasında həyat üçün dəmirdən daha əhəmiyyətli metal yoxdur. Bir ulduzun nüvəsində dəmirin toplanması supernovanın partlamasına və beləliklə, həyat üçün lazımlı atomların bütün kainata yayılmasına səbəb olur. Dəmir atomlarının Yerin ilk mərhələlərində nüvədə əmələ gətirdiyi cazibə qüvvəsi ilə meydana gələn temperatur Yerin kimyəvi cəhətdən müxtəlifliyinə səbəb olmuş, atmosferin formalaşmasına və nəticədə, hidrosferin əmələ gəlməsinə səbəb olmuşdur. Yerin mərkəzindəki ərimiş dəmir nəhəng maqnit funksiyasını yerinə yetirərək yerin maqnit sahəsini əmələ gətirir. Maqnit sahəsi Yerin səthini yüksək enerjili məhvedici kosmik radiasiyaya qarşı müdafiə edən Van Allen radiasiya qurşaqlarını əmələ gətirir və həyati əhəmiyyətə malik ozon təbəqəsini kosmik şüaların zərərli təsirindən qoruyur.
Dəmir atomu olmadan kainatda karbon əsaslı həyat olmazdı, supernovalar meydana gəlməz, Yerin ilk mərhələlərində isinmə baş verməz, atmosfer və ya hidrosfer əmələ gəlməzdi. Qoruyucu maqnit sahəsi olmaz, Van Allen qurşaqları əmələ gəlməz, ozon təbəqəsi olmaz, (insanın qanında) hemoqlobini əmələ gətirən metal mövcud olmaz, oksigenin reaktiv təsirini dəf edən metal əmələ gəlməz və oksidləşməyə davamlı maddələr mübadiləsi meydana gəlməzdi.
Həyat, dəmir və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə nəinki metalların, eyni zamanda, kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır. 45
Dəmir atomunun əhəmiyyəti bu açıqlamalardan məlum olur. Quranda xüsusilə dəmirə diqqət çəkilməsi də bu maddənin əhəmiyyətini vurğulayır. Peyğəmbərimizin (s.ə.v) dövründə dəmirdən müxtəlif alətlər hazırlanırdı, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqında kifayət qədər məlumat yox idi. Yerin nüvəsində, insanın qanında dəmirin olduğu və canlılar üçün həyati əhəmiyyəti XX əsrə qədər məlum deyildi.
Quranda dəmirin əhəmiyyətinə diqqət çəkən başqa sirr də var. Dəmirdən bəhs edilən "Hədid" surəsinin 25-ci ayəsində 2 riyazi şifrə var: "əl-Hədid" Quranın 57-ci surəsidir. "Əl-hədid" sözünün ərəbcədə əbcəd dəyəri də "57"-dir.
Təkcə "hədid" sözünün dəyəri 57-dir. 26 isə dövri cədvəldə dəmir atomunun nömrəsidir.
Digər tərəfdən, 2004-cü ildə həyata keçirilən xərçəng xəstəliyinin müalicəsində dəmir oksidi zərrəciklərindən istifadə olunmuş və müsbət nəticələr əldə edilmişdir. Almaniyadakı məşhur Charite xəstəxanasında həkim Andreas Cordanın (Andreas Jordan) rəhbərlik etdiyi qrup xərçəng xəstəliyinin müalicəsi üçün yeni metodla – maqnetik likid hipertermiya (yüksək temperaturlu maqnetik maye) metodu ilə xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı tələbəyə tətbiq edilən bu metod nəticəsində bu xəstədə üç ay yeni xərçəng hüceyrələri əmələ gəlmədi. Bu metodla müalicə belə aparılır:
1 – Tərkibində dəmir oksidi zərrəcikləri olan maye xüsusi şprislə xərçəng şişinin içinə yeridilir. Bu zərrəciklər xərçəng hüceyrələrinə yayılır. Bu mayenin 1 sm3-də dəmir oksiddən ibarət eritrositlərdən 1000 dəfə kiçik milyonlarla zərrəcik mövcuddur və bu zərrəciklər qan damarlarında asanlıqla hərəkət edir. 46
2- Xəstə daha sonra güclü maqnit təsiri olan alətin altında uzandırılır.
3- Kənardan verilən maqnetik axın şişin içindəki dəmir zərrəciklərini hərəkətə salır. Bu zaman içində dəmir oksidi zərrəcikləri olan xərçəng şişindəki temperatur 45ºC-yə qədər qalxır.
4- Bu temperatura qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqədə zəifləyir və ya məhv olur. Daha sonra hemoterapiya ilə şiş tamamilə itir. 47
Bu müalicədə təkcə xərçəng hüceyrələri tərkibində dəmir oksidi zərrəcikləri olduğu üçün maqnit dalğası sağlam hüceyrələrə təsir etmir. Bu metodun yayılması ölümcül xərçəng xəstəliyinin müalicəsində böyük irəliləyişdir. Xərçəng kimi geniş yayılmış xəstəliyin müalicəsində Qurandakı ifadə ilə "insanlara fayda verən dəmir"dən istifadə edilməsi diqqətçəkəndir (Hədid surəsi, 25) . Belə ki, Quranda bu ayə ilə dəmirin insan üçün faydalarına işarə edilə bilər (ən doğrusunu Allah bilir).