İnsan həyatı boyu qarşılaşdığı hər hadisədə necə davranacağını bilir. Bu, Allahın hər insanın vicdanına verdiyi xüsusiyyətdir. Buna görə, insan səhv etsə, bunun doğru olmadığını anlaya bilər.
Ancaq buna baxmayaraq, insanların bir qismi vicdanı əsas meyar kimi qəbul etmirlər. Vicdanının səsini boğan insanlar hərəkətlərinin səhv olduğunu bilsələr də, səhv etməkdən çəkinmirlər. Mənfəətləri necə tələb edirsə, o cür hərəkət edilər.
Mömin həyatının hər anını vicdanla yaşadığı üçün səhv etdiyini bildiyi an, həmin səhvi bir daha təkrarlamır.
Bəzən şeytan insanları vicdani olaraq doğru olmadığını hiss etdikləri bir məsələdə vicdanlarının səsinə qulaq asmamağa təşviq edir. Bəzən bunu insana doğru göstərməyə, bəzən də bu hərəkətin vicdanına əks olmadığına inandırmağa çalışır, qəzəb, qısqanclıq, kin kimi hissləri təşviq edərək həmin insanı zəiflədir. Heç bir nəticəyə nail olmasa, “bir dəfədən heç nə olmaz” təlqini verir.
Şeytanın bu məntiqi bəzən çox kiçik, bəzən də çox həyati mövzularda ortaya çıxa bilər. İnsanlar çox vaxt sadə mövzularda doğru yolda olmasalar da, qorxmurlar. “Onsuz da elə bir əhəmiyyətli məsələ deyil” və “kiməsə təsir edən, kiməsə zərər verən və kimisə narahat edən bir şey deyil” deyə düşünürlər. Şeytan da insanlara, xüsusilə, belə sadə məsələlərdə “bir dəfədən heç nə olmaz” məntiqi ilə yanaşır.
Bir dəfə yalan danışmaq, bir dəfə səmimi olmamaq, bir dəfə hislərini düzgün ifadə etməmək, bir dəfə qəlbə dəymək, bir dəfə qarşı tərəfi təhqir etmək, bir dəfə fədakarlıq etməmək, bir dəfə küsmək, bir dəfə hirslənmək, bir dəfə ədalətsiz davranmaq, bir dəfə qeybət etmək, bir dəfə mübahisə etmək, bir dəfə gizli iş görmək, bir dəfə qürurlu olmaq şeytanın insanlara atdırdığı ilk addımlardır. Bunlardan hər hansı birini ikinci dəfə etdirmək şeytan üçün daha asan olur.
Allahın Quranda “çirkin cəsarət” adlandırdığı davranış vardır. Bunun ən gözəl nümunəsi şeytandır. Buna görə də, şeytan insanların da onun kimi Allaha qarşı “çirkin cəsarət”li olmalarını istəyir (Allahı tənzih edirik). Allahı unutmalarını, Allahdan qorxmamalarını, Allahın hər şeyi gördüyünü düşünməmələrini (Allahı tənzih edirik), axirəti, hesab gününü düşünmədən hərəkət etmələrini arzulayır. “Bir dəfədən heç nə olmaz” məntiqində şeytanın insanlar üçün hədəflədiyi əsas həyat forması budur. İnsanlara bunun kiçik, günahsız, zərərsiz, yalnız bir dəfə olduğunu və bir daha təkrarlanmayacağını təlqin etməyə çalışır. Amma bu davranış heç də zərərsiz və günahsız olmaz.
Çünki “bir dəfədən heç nə olmaz” məntiqi son dərəcə təhlükəlidir. Əgər insan səhv olduğunu bilə-bilə o hərəkəti təkrarlamaqdan çəkinmirsə, bunu çox rahat şəkildə bir də edəcək. Eynilə səhv etməkdən qorxmayan insan hər zaman bu səhvi edə bilər. Bu səbəblə, insanın “necə olsa, bir dəfə edirəm” deyə düşünməməli, hər an, hər yerdə və hər mövzuda Allahdan çox qorxub çəkinməli və gözəl əxlaq göstərməlidir.
Çünki Allahdan qorxan insanın Allaha qarşı səmimiyyətinin bəxş etdiyi imani dərinlik vardır. İnsanın səmimi olduğunu bilməsi onun özünə qarşı hörmətini formalaşdırır. Özünə olan hörmətini itirən insan isə bir çox mövzuda səmimiyyətsizliyin qapısını açır.
Bununla yanaşı, demək lazımdır ki, insan səhv edəcək şəkildə yaradılmışdır. Bu səbəbdən mütləq səhv edəcək, səhv düşünəcək, səhv qərarlar verəcək, bunlardan geri dönəcək və əxlaqını düzəldəcək. Tövbə edərək Allahdan bağışlanma diləyəcək, səhvini düzəltmək üçün səy göstərəcək və bu şəkildə səmimi olmağın yolunu tapacaq.
Ancaq şeytanın “bir dəfədən heç nə olmaz” məntiqinin təhlükəli olduğu heç vaxt unudulmamalıdır. Bu, şeytanın oyunlarından biridir. “Bir dəfədən heç nə olmaz”la başlayıb bunu həyat amalına çevirən bir çox insan vardır. Bir oğru, bir fırıldaqçı, ya da yalan və digər haram hərəkətlərə vərdiş etmiş bir insan da bunları yalnız bir dəfə etmiş, amma sonra şeytanın oyununa düşərək bu davranışlarını adi hala çevirmişdir.
Bu səbəblə, bir insan bu mövzuda nə qədər diqqətli olursa-olsun, bir gün şeytanın özünə də bu tərz bir məntiqlə yanaşacağını unutmamalı və bu təhlükəyə qarşı tədbirli olmalıdır. Quran əxlaqından güzəştə getməməli, hər an Allahdan çox qorxub çəkinməli, Allahın hər yerdə özünü gördüyünü və qəlbindən keçən hər düşüncəni bildiyini unutmamalıdır.