Ana bətninə yapışan ələq
Kişidən gələn sperma və qadındakı yumurta yuxarıda dediyimiz kimi birləşdikdə doğulacaq körpənin ilk hüceyrəsi əmələ gəlir. Biologiyada ziqot adlandırılan bu tək hüceyrə heç vaxt itirmədən bölünərək çoxalır və getdikcə ət parçasına çevrilir. Ancaq ziqot boşluqda böyüyə bilməz. Ana bətninin daxili divarına çıxıntıları vasitəsilə yapışır, bu çıxıntılar vasitəsilə inkişafı üçün lazım olan maddələri ananın orqanizmindən alır.
Şübhəsiz, bu prosesi tibbi bilik olmadan müəyyən etmək olmaz. 14 əsr əvvəl insanlar bu məlumatları bilmirdilər. Lakin maraqlıdır ki, Allah Quranda ana bətnində böyüməyə başlayan ziqotdan bəhs edərkən onu “ələq”adlandırır:
Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! (Ələq surəsi, 1-3)
Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi. Ondan da bir cüt kişi və qadın yaratdı. (Qiyamət surəsi, 36-39)
Ayədəki “laxtalanmış qan”birləşməsi ərəb dilində “ələq”sözi ilə ifadə edilmişdir. “Ələq” “bir yerdən yapışan şey”deməkdir. Hətta bu söz bədənə yapışıb qanı soran zəlilərə də deyilir. Bu sözün ana bətninin divarına yapışıb oradan inkişafı üçün lazımlı maddələri soran ziqotu tərif etmək üçün istifadə olunan ən uyğun söz olduğu açıq görünür.
Allah`ın Quranda ziqot haqqında verdiyi məlumatlar bununla məhdudlaşmır. Döl yatağına yapışmış ziqot inkişaf etməyə başlayır. Ana bətni isə amniotik maye ilə doludur və bu maye ziqotu əhatə edir. Amniotik mayenin ən əsas xüsusiyyəti kənardan gələn zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Quranda bu həqiqəti Allah belə bildirir:
Məgər sizi bir qətrə zəif sudan yaratmadıqmı?! Biz onu möhkəm bir yerdə saxladıq. (Mursəlat surəsi, 20-21)
İnsanın əmələ gəlməsi haqqında verilən məlumatlar Quranın bu prosesi ən incə təfərrüatına qədər bilən mənbədən gəldiyini göstərir. Bu, bizə Quranın Allah`ın sözləri olduğunu bir daha sübut edir.
Zaman ərzində əvvəlcə jelatinə bənzəyən rüşeymdə böyük dəyişiklik baş verir. Əvvəlki yumşaq rüşeymin içində orqanizmin dik dayanmasını təmin edən bərk sümüklər əmələ gəlir. Belə ki, əvvəlcə eyni formaya malik olan hüceyrələr dəyişərək bəzisi işığa həssas göz hüceyrələrini, bəzisi istini, soyuğu və ya ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini qavrayan hüceyrələri əmələ gətirir. Bu proseslərə hüceyrələr özləri qərar verir? Öz-özlərinə insanın gözünü və ya ürəyini əmələ gətirməyi qərar verib bu ağlasığmaz işi onlar edir? Yoxsa onlar bu işə uyğun yaradılıblar? Heç şübhəsiz, ağıl və vicdan ikinci variantı qəbul edəcəkdir.
Bütün bu proseslər nəticəsində körpə ana bətnində inkişafını tamamlayır və dünyaya gəlir. Doğulduqdan sonra ana bətnindəki vəziyyətindən 100 milyon dəfə böyük, 6 milyard dəfə ağırdır... Burada izah edilənlər başqa hər hansı canlının deyil, bizim həyata başlanğıc hekayəmizdir. İnsan üçün bu cür mürəkkəb, qeyri-adi hadisənin mənbəyini tapmaqdan daha önəmli nə ola bilər?
Bütün bu mürəkkəb proseslərin öz-özünə baş verdiyini düşünmək ağıldan kənardır. Heç kim özünü və ya başqa bir insanı, hətta başqa bir maddəni yaratma gücünə malik deyil. Bəhs edilən mükəmməl sistemlərin hamısını Allah yaradır. Həm də hər anını, hər saniyəsini və hər mərhələsini...
Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Nütfədən insana çevrilən bədənimiz milyonlarla həssas müvazinətdən ibarətdir. Biz fərqinə varmasaq da, orqanizmimizdə yaşamağımızı təmin edən çox mürəkkəb və həssas sistemlər var. Bütün bu sistemləri insanın özünün yaradıldığını anlaması üçün hər şeyin yeganə sahibi, yaradanımız və Rəbbimiz olan Allah yaradır.
İnsan Allah`ın yaratdığı bir varlıqdır. Yaradıldığına görə özbaşına və nəzarətsiz buraxılmayacaq.