Əgər dünya həyatı ilə bağlı sorğu keçirilsə, yer üzündəki insanların böyük əksəriyyəti sualları eyni cür cavablandıracaq. Bir çoxu həyatının monoton olduğunu, bir süjet xətti üzrə davam etdiyini deyəcəkdir. Bu insanlar həyatlarına təkrarlanan klassik qanunların hakim olduğunu düşünürlər. Yaşadıqları bütün əskiklikləri və gözəllikləri də eyni cür, vərdişləri çərçivəsində dəyərləndirirlər. Pis və ya yaxşı, hər şeyə dərhal öyrəşirlər. Həyatlarına daxil olan gözəlliklər, yeniliklər və yaxşılıqlar qarşısında həyəcan hissi keçirmirlər. Bunları adi hadisələr, həyatın qanunu kimi dəyərləndirirlər. Ona görə də bu hadisələrdəki qeyri-adi gözəllikləri sezə bilmirlər.
Allah bir ayəsində bu insanlardan belə bəhs edir:
“Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir: ) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)
Allah yaratdığı saysız-hesabsız gözəlliyə, yaxşılığa, sevinc və xoşbəxtlik bəxş edən hadisələrə ülfət və qəflətlə yanaşanlara, bunlardan təsirlənməyənlərə axirətdə gözəllikdən pay olmadığını bildirir.
Möminlərin dünya həyatına yanaşmaları isə hadisələrə yuxu pərdəsinin arxasından baxan bu insanlarınkından tamamilə fərqlənir. İman gətirənlər üçün dünya həyatının hər saniyəsi bir-birindən gözəl sürprizlərlə, gözəlliklərlə, yaxşılıqlarla, xeyir və hikmətlərlə doludur. Allah`ın sonsuz gözəl əxlaqının və sonsuz gözəl isimlərinin təcəllilərinin bütün həyatı əhatə etməsi möminlərin hər anı dərin həyəcan və sevinclə yaşamalarına səbəb olur. Hər an onlar üçün yaradılan gözəllikləri, Allah`ın rəhmətinin təcəllilərini görmək möminləri xoşbəxt edir.
Bu, iman gətirməyənlərin bilmədiyi və məhrum olduğu böyük dünya nemətidir. Allah hər an insan üçün yalnız ağıl, iman və vicdanla qavraya biləcəyi sürpriz gözəlliklər yaradır. Ancaq iman gözü ilə baxan insanların qavraya biləcəyi bu hadisələrlə Allah qullarına yaxınlığını hiss etdirir. Bu yaxınlığı hiss etmək mömin üçün əvəzedilməz həzz və lütfdür. Bəzən insanın ağlından keçən kiçik, adi və gündəlik bir hadisənin həyata keçməsi, bəzən dua edib istədiyi bir şeylə təsəvvür etmədiyi şəkildə rastlaşması, bəzən də gözəl təvafüqlərlə qarşılaşması insan üçün çox böyük nemət, təfəkkür və Allah`a yaxınlaşma vəsilələridir.
Allah Quranda insanlar üzərindəki sonsuz rəhmətini, iman gətirənlərin dostu olduğunu, onlara hər an kömək etdiyini və səmimi duaya mütləq cavab verdiyini bildirir. İman gətirən insan onsuz da həyatı boyu Allah`ın onun üçün yaratdığı rəhmət təcəllilərini hər zaman dərk edir. Sıxıntı və çətinliklərlə qarşılaşdıqda da bunların onun üçün xüsusi yaradılmış nemətlər olduğunu bilir. Ancaq Allah qəti iman gətirmiş, güclü imana malik bir insanın belə ülfətini qıran, onu təəccübləndirən və böyük imani həyəcan keçirməsinə səbəb olan xüsusi təvafüqlər, gözəlliklər və təfərrüatlar da yaradır. Mömin bu hadisələrin hər birində Allah`ın sonsuz rəhmətinin, sonsuz sevgisinin, qullarına yaxınlığının təcəllilərini görür və bundan çox böyük zövq alır. Bütün ruhu və bədəni Allah sevgisi, Allah`a olan dərin eşqi ilə dolur. Allah`ın sonsuz qüdrətini, sonsuz sevgi və mərhəmətinin təcəllilərini gördükcə Ona yaxınlığı da qat-qat artır.
Lakin bu həyəcanı hiss etmək üçün möminin hökmən böyük hadisələrlə və ya bənzərsiz nemətlərlə qarşılaşmasına ehtiyac yoxdur. Bəzən çox adi, ancaq çox arzulanan bir şeyin fikrindən keçirtdiyi an başına gəlməsi, bəzən də çox maraqlandığı bir mövzunun o an cavablandırılması və ya bir an içində ürəyindən keçən yeməyin heç gözləmədiyi yerdən ona təqdim edilməsi kimi kiçik və əhəmiyyətsiz görünən hadisələr də bu həyəcana səbəb ola bilər. Bəlkə əhəmiyyətsiz hadisələrdir, ancaq yaradılan təvafüqlərin mömin üçün mənası çox böyükdür. Bunlar Allah`ın sonsuz hakimiyyətini, sonsuz gücünü, hər an qullarına yaxın olduğunu, hər şeyi bildiyini və eşitdiyini bizə göstərir. Bu hadisələrin hər biri Allah`ın Onu çox dərin sevgi ilə sevən qullarına yaxınlığını hiss etdirmək üçün yaratdığı sürpriz gözəlliklərdir. Məhz bu həqiqətə şahid olmaq möminlərdə böyük həyəcan hissi yaradır və Allah`a yaxınlığını artırır.
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.” (Bəqərə surəsi, 186)